Bir saata 50-dən çox müştəri... – KAFE VƏ RESTORANLARDAN REPORTAJ
Bu gündən etibarən ölkə ərazisində kafe və restoranların fəaliyyəti bərpa olunub.
APA TV-nin məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, 2021-ci il 1 fevral saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmət bərpa olunub.
Bu yerlərdə pandemiya dövrü ilə əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət olunmalıdır.
Normal şərtlər altında bu zalda 30-40 nəfər müştəri əyləşirdisə, sıxlığın yaranmaması üçün bu say 17-20 nəfərə qədər azaldılıb. Bundan əlavə, masaların üzərinə dezinfeksiyaedici məhlul olan spirt qoyulub.
Müştərilərlə birbaşa təmasda olan işçilərin sayı da bir qədər azaldılıb. Onlar maska və əlcəklə təmin olunublar. Həmçinin dezinfeksiya işlərini asanlaşdırmaq üçün texniki vasitələrdən də istifadə olunur:
Fəaliyyəti bərpa olunan kafe və restoranlarda pandemiya əleyhinə önləyici tədbirlər mümkün qədər görülüb. Gördüyünüz bu restoranın girişinə xüsusi cihaz quraşdırılıb. İçəri daxil olan müştərilərin hər biri aparat vasitəsilə dezinfeksiya olunur.
Restoran rəhbərlərinin sözlərinə görə, ilk gün olmasına baxmayaraq, restorana üz tutan müştərilərin sayında artım hiss olunur. Bu isə məsuliyyəti daha da artırır:
- Biz ayın 1-i açılışı öyrəndiyimiz zaman 3-4 gün içərisində mətbəxdən başlayaraq zala qədər gigiyenik qaydalara əməl edərək, bütün təmizlik tədbirlərimizi görmüşük. Ara məsafələrini mütləq nəzərə alacağıq. Həm öz sağlamlığımız üçün, həm də insanların təhlükəsizliyi üçün nə lazımdırsa, etmişik. Bizim restorana gələn insanlardan gözlədiyimiz bir şey var, bizim qoyduğumuz qayda qanunlar, sadəcə, bizim qərarımız deyil, dövlətin qəbul etdiyi qərarlardır. Onlara əməl etmələrini istəyirik.
- Açılmamışdan öncə dezinfeksiya qaydalarına əməl edilib, təmizlik olub. Masalarda ara məsafələri saxlanılıb. Həmçinin özünüz gördüyünüz kimi, arakəsmələrdən istifadə olunur. Müştərilər yaxın məsafədə olmasın deyə. Müştəri içəri maskada daxil olur, spirtdən istifadə edir. Yalnız yemək yediyi zaman maska çıxarılır. Hazırda təxminən bir saat ərzində 50-dən çox müştəri qəbul etmişik.
Şəhər sakinləri də restoranların fəaliyyətə başlaması qərarını səbirsizliklə gözlədiklərini və bu qərara sevindiklərini deyirlər:
- Əlbəttə, hər kəs gözləyirdi restoranların açılmasın. Əsasən uşaqlar. Havalar soyuqdur deyə restoranların açılmasına şadıq. Restoran açılan kimi də uşaqlar dedi ki, bu gün gedək restorana.
- Restoranların açılmasını tam doğru hesab edirəm. Xüsusən işləyən adamlar üçün bu çox vacibdir. Çünki səhər tezdən evdən çıxırıq və axşam qayıdırıq. Məcburuq ki, ya evdən yemək gətirək, ya marketlərdən quru yemək alaq. Hazır yeməkləri də qızdırmaq, hazırlamaq uzun vaxt aparır. Bu gün restorana daxil olarkən maska, spirt, əlcək və s. hər şeyə əməl edildiyini görə bilirik.
- Kafelər bağlı olanda dostlarla görüşə bilmirdik. Bəzən parka çıxırdıq. Evdə bütün günü sıxılırdıq. O üzdən davamlı olaraq açıq qalsa, yaxşı olar. Bu gün kafedə olub, yemək yemişəm. Mən getdiyim kafedə girişdə spirt var idi. Maska ilə daxil olduq. Yalnız oturanda maskanı çıxarıb yeməyimizi yedik.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, kafe və restoranlar şənbə və bazar günləri də fəaliyyət göstərə biləcəklər.
Xələf Xələfov,
Əli Əkbər,
APA TV