Bir tərəfdə 20 dərəcə şaxta, digərində 15 dərəcə isti - MƏMLƏKƏTİN DEKABR HAVASI
İlin son ayı üçün hava proqnozu açıqlanıb.
APA TV-nin Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Hidrometeoroloji Proqnozlar Bürosuna istinadən məlumatına görə, dekabrın ilk həftəsi əksər bölgələrdə yağıntı, arabir güclənən cənub-qərb küləyinin güclü şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir.
Ayrı-ayrı günlərdə Bakıda və Abşeron yarımadasında temperatur ən yüksək 13, ən aşağı 2 dərəcəni göstərəcək.
Naxçıvan Muxtar Respublikasında hərarət mənfi 12, müsbət 13 dərəcə arasında dəyişəcək.
Yuxarı Qarabağ - Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında 13 dərəcə şaxtadan 10 dərəcəyədək isti müşahidə olunacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında temperatur müxtəlif günlərdə mənfi 6-ya qədər enəcək, 12 dərəcəyədək yüksələcək.
Ən aşağı temperatur - mənfi 20 dərəcə şaxta şimal-qərb bölgəsində müşahidə olunacaq. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında müəyyən günlərdə hərarətin ən yüksək həddi 11 dərəcəni göstərəcək.
Ən yüksək göstəricinin ünvanı dəyişməzdir. Mərkəzi-Aran bölgəsi ilə yanaşı, Mingəçevir şəhərində, həmçinin Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan və Neftçala rayonlarında, eləcə də Şirvan şəhərində qışın ilk ayında 15 dərəcə isti olacaq.
Cənub bölgəsində isə hava həmişəki kimi yağıntılı keçəcək. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava şəraiti mənfi 11 dərəcə ilə müsbət 13 dərəcə arasında dəyişəcək.