Biri bibisinin, o biri də əmisinin evindən oğurluq etdi  - QUBADA

Qubada yaxın qohumlarının evindən oğurluq edən iki nəfər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan APA TV-nin şimal bürosuna verilən məlumata görə, Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində rayonun Qamqam kənd ərazisində iki evdən mis qablar və dəmir tor oğurlamaqda şübhəli bilinən 26 yaşlı kənd sakini Mətləb Neymətullayev saxlanılıb.

Dindirilmə zamanı o, törətdiyi əməli etiraf edərək, oğurladığı əşyaları metal qəbulu məntəqələrinin birinə satdığını bildirib. Qabların bir qismi isə maddi sübut kimi ondan götürülüb: “Ögey əmim sayılan Böyükağanın evlərinə girmişəm. Əvvəlcə onlardan kömək istəmişəm, onların mənə bir köməyi dəyməyib. Mən də acığa düşüb, pula ehtiyacım olduğuna görə girib həyətlərində nə varsa, götürüb satmışam. Əməlimdən peşmanam”.

Keçirilən digər əməliyyat nəticəsində rayonun Gültəpə kənd sakini Araz Şıxbabayevin mobil telefonunu oğurlayan 24 yaşlı İsmayıl Adilov saxlanılıb. Dindirilmə zamanı İsmayıl Adilov qohumuna məxsus mobil telefonu oğurladığını və rayon ərazisində dəyərindən ucuz qiymətə satdığını etiraf edib: “Bibim bizə qonaq gəlmişdi. Bibiqızı gələn günü mənə dedi ki, telefonundan olan şəkilləri mənə yolla, mən də yolladım. Kodun necə açıldığını gördüm. Onlar gedəndən sonra mən də arxaları ilə getdim. Balkonda telefonu qoymuşdular. Telefonu götürüb aparıb bazarda tanımadığım bir şəxsə satdım. Əməlimdən peşmanam”.

Saxlanılan hər iki şəxs məsuliyyətə cəlb olunub. Onların başqa cinayət hadisələrində iştirak edib-etmədikləri araşdırılır. 

Müəllif | Apa.Tv
Apa.tv