Biri oğlunun məzarına, biri isə doğma torpağına qovuşdu – SƏNƏTKARLARIN BAYRAM SEVİNCİ
Xalqımız 30 ildir Baharın gəlişini, Novruz bayramını adət-ənənələri ilə, lakin nisgillə, vətən həsrəti çəkərək qeyd edirdi. Yüz minlərlə insanımız doğulduğu torpaqda bayram sevincini yaşamaq istəyi, arzusu ilə yaşayırdı. Və nəhayət, o arzu gerçəkləşdi. Bu il baharın gəlişini xüsusi sevinclə qeyd edirik. Çünki şəhidlərimizin qanı bahasına düz 30 ildən sonra Vətənimiz bütövləşdi.
APA TV-nin xəbərinə görə, elə Novruz bayramını bu ilə qədər doğma Ağdamından ayrı keçirən xalq artisti, tanınmış muğam ifaçısı Mənsum İbrahimov üçün də ilk nisgilsiz Bahar bayramı oldu bu bayram: “Torpaqlar işğal olunandan sonra o həvəsimiz olmadı. Doğulduğum, səsi qazandığım o torpaq düşmən işğalında qaldı. Mən özüm Qarabağda doğulmuşam, Ağdamda. Mən 19 yaşıma qədər orada yaşamışam. Hər dəfə Novruz bayramı gələndə mənim uşaqlıq xatirələrim yadıma düşür. Qarabağda xüsusi keçirərdilər bu bayramı. Bayrama bir ay qalmış uşaqlar yumurta yığardılar, boyayıb yumurta döyüşdürərdik, lopa düzəldərdik məftillə, onu neftin içinə qoyardıq axşama qədər. Şər qarışanda onu ən hündür yerdən atardıq. O vaxt fişəng-filan yox idi. Şükür olsun Allaha ki, igid oğullarımızın, qazilərimizin, şəhidlərimizin sayəsində biz torpaqlarımıza qovuşduq. Və artıq builki Novruzumuz tam fərqlidir”.
Xalq artisti üçün ən möhtəşəm səhnə uşaqlığının keçdiyi, Ağdamda ermənilərin xaraba qoyduğu Ağdam Dövlət Dram Teatrının önüdür: “Mən o torpaqlara getdim, xaraba qalan o meydanda konsert verdim. O xaraba qalmış meydan mənim üçün ən möhtəşəm səhnə idi. Çünki mən öz torpağıma ayaq basırdım. Qarabağın qayıtması ilə bizim qürurumuz qayıtdı”.
30 il sonra Şuşada, azad olunmuş ərazilərdə qalandı Novruz tonqalı... Bu il baharın gəlişini, bayramı illərdir həsrət qaldığımız torpaqlarda qarşıladıq.
Şanlı qələbəmiz əməkdar artist Ağalar Bayramovun da 28 illik nisgilini bir az da olsa, azalda bilib. Qubadlı işğal ediləndən sonra 28 ildir ki, görə bilmədiyi oğlunun məzarını ziyarət edib: “1991-ci ilin mayın 3-də qatar vurmuşdu oğlumu, mayın 4-ü onu Qubadlıda dəfn etdik. 1993-cü il avqustun 31-də də Qubadlı işğal olundu. Həmin vaxtdan 2021-ci ilin yanvarın 30-a qədər həsrət qalmışdım. O birilər həsrət qalan kimi. Bu baxımdan azad olunmuş torpaqlarda Novruz tonqallarının yanması çox böyük bir xoşbəxtlikdir. Qubadlı, Laçın, Zəngilan, Füzuli, Ağdamda yanan o tonqallarımız həmişə gurlasın. Mən bilirəm şəhid ailələri var, onların üzü gülmür. Amma qansız da olmur. Hüseyn Cavid demişkən, “Azadlıq öylə bir afət ki tək vüqar, qan tökülmədikcə gülməz üzə o işvəkar”. Bu bayram sözün əsl mənasında bir başqadır”.
44 günlük Vətən savaşının sonunda bizə misilsiz zəfər yaşadan qəhrəmanlarımız, qazilərimiz, qələbəyə qanları ilə imza atan şəhidlərimiz sayəsində ilk dəfə bu bayramı sevinclə, qürurla qarşılaya bilirik. Vətənimizin başı üstündəki qara buludlar çəkilib artıq. Bu bahar bayramı da, Şuşamızda qalanan Novruz tonqalı da, xalqımıza sevinc bəxş etsin. Qarabağlı Novruz bayramın mübarək, Azərbaycan!
Fatma Zahidqızı,
Musa Qulammirzəyev,
Əli Ələkbər,
APA TV