Birinci Qarabağ müharibəsində atası əsir düşən Füzuli sakini atasını axtarır

Bəhruz Mahmudov Füzuli rayon Qazaxlar kənd sakinidir. O, atasından ayrı düşəndə 11 yaşı olub. Ermənilər kəndə hücum çəkəndə atası Behbudun girov düşdüyü deyilib. O gündən bu günə Bəhruz atasından bir xəbər ala bilməyib. İndi o, ANAMA-nın əməkdaşıdır. Torpaqları minalardan təmizləyir. Bəhruz inanır ki, bir gün təmizlənmiş ərazilərdən aşkarlanan kütləvi məzarlıqda atasından qalan bir nişanə ilə qarşılaşacaq.

 

Birinci Qarabağ müharibəsi zamanı girov və əsr düşən şəxslərin ifadəsi əsasında Füzuli rayonun Aşağı Seyidəhmədli kəndində kütləvi məzarlığın olma ehtimalını diqqətdə saxlayan Azərbaycan dövləti sözügedən ərazidə axtarışların aparılması tapşırığını verib. Ermənilər isə  Aşağı Seyidəhmədli kəndinin bütün ərazisini tamamilə minalayıb. Bu səbəbdən də  ANAMA-nın əməkdaşları sözügedən ərazidə minatəmizləmə əməliyyatlarına başlayıb.

 

ANAMA –nın əməkdaşları vətən müharibəsindən əvvəl də, sonra da torpaqların, ermənilərin basdırdığı minalardan təmizlənməsi üçün var gücü ilə çalışır. Aşkarlanan hər bir mina bir və ya bir neçə insanın həyatını xilas edir. Onların çətin olan işini bəzən soydaşlarımız bir az da çətinləşdirir. Torpaq həsrəti çəkən insanlar qeyri-qanuni yolla minalı əraziyə keçərək öz həyatını da, mina təmizləyənlərin həyatını da təhlükəyə atır.

 

ANAMA 44 günlük müharibədən indiyə qədər ərazidən 81 min ədəd partlamamış hərbi sursatlar və minalar aşkar edib ki, bunların da 14 minini tank əleyhinə minalar təşkil edir.

Müəllif | Apa.Tv
Apa.tv