Bitərəf deputatlar da YAP-çılara qoşuldu

“Məhkəmə-hüquq sahəsində də yeni islahat təklifləri var ki, bunlara baxılır”.

 

APA TV-nin məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

 

Onun sözlərinə görə, Azərbaycanda islahatların yeni mərhələsi 2018-ci ilin 11 aprel seçkilərindən sonra başlayıb: “Cənab prezident növbəti dəfə dövlət başçısı seçildikdən sonra proqramın icrasına başlandı. Kadr, struktur baxımından Azərbaycanda bu islahatlar həyata keçirildi. O cümlədən məhkəmə-hüquq sahəsində də qanunlar qəbul etdik”.

 

YAP Siyasi Şurasının Milli Məclisin buraxılması təşəbbüsünə münasibət bildirən Siyavuş Novruzov qanunverici sahədə də islahatların zəruri olduğunu vurğulayıb: “Hakimiyyətin 3 qolu var - qanunverici, icraedici, məhkəmə. İcraedici və məhkəmə orqanlarında islahatlar gedir. Qanunverici sahədə isə nisbətən bu getmir. Ona görə də qanunverici sahədə də bu islahatların getməsinə zərurət yaranır”.

 

Deputat qeyd edib ki, parlamentin buraxılması ilə bağlı YAP-çı deputatların müraciətinə Milli Məclisin dekabrın 2-də keçiriləcək xüsusi iclasında baxılacaq: “Dünən deputatlarımızın imzası ilə parlament rəhbərliyinə müraciətimiz daxil olub. Bu gün də elan olundu ki, bu, gündəliyə daxil olub. Dekabrın 2-də bu mövzu parlamentdə müzakirə olunacaq”.

 

Qeyd edək ki, noyabrın 29-da Milli Məclisdə təmsil olunan bitərəf deputatlar da iclas keçirərək, parlamentin buraxılması ilə əlaqədar Milli Məclisə müraciət etmək barədə qərar qəbul ediblər.

Müəllif | Apa.Tv
Apa.tv