Bizdə günahsız yerə həbsə düşənlərə nə qədər pul ödənilir? - QƏRİBƏ RƏQƏMLƏR

Lənkəran sakini, 30 yaşlı Nurlan Ağazadənin günahsız olduğu halda 2 il 6 ay həbsdə saxlanandan sonra təqsirsiz olduğu üzə çıxıb. O, ölümlə nəticələnən yol qəzası törətməkdə ittiham olunub. Əslində isə qəzanı əmisi törədibmiş. İndi Nurlanın vəkili yenidən məhkəməyə müraciət edib. O tələb edir ki, günahsız olduğuna baxmayaraq, həbsdə saxlandığına görə Nurlana təzminat ödənilsin.

 

Həyat bəzən hamıya eyni şəkildə ədalətli davranmaya bilir. Belə ki, bəzi şəxslər günahsız olsalar belə, ömürlərinin yarısını həbsdə keçirməyə məcbur qalırlar. Bir müddət sonra onların günahsız olduğu ortaya çıxır və onlara kompensasiya ödənilir. Maraqlıdır, bəs həmin şəxslərə ödənilən kompensasiya onlara dəyən maddi-mənəvi ziyanın qarşısını ala bilirmi?

 

Vəkil Emil Aslanov deyir ki, həmin şəxs əgər hər hansı bir işdə işləyirmişsə, o, öz aylıq məvacibindən məhrum olubsa, mülki məcəllənin 21-23 cü maddəsi qeyd edir ki, əldən çıxmış faydanı da tələb etmək mümkündür: “Məsələn onun gəlirləri olacaqdı amma qanunsuz həbs olunduğuna görə həmin gəlirlərdən məhrum olur. Bundan əlavə olaraq mənəvi zərəri də tələb edə bilər. Özünün çəkdiyi iztirablar ,məhbus damğası ,onun çəkdiyi iztirablar hesablanmalı və həmin məbləği  tələb etmək hüququna malikdir”

 

Bəs günahsız yerə illərini həbsxana barmaqlıqları arasında keçirən insanlara nə qədər kompensasiya ödənilməlidir?

 

Vəkil Emil Aslanov deyir ki, bununla bağlı standart məbləğ yoxdur: “Amma təcrübədə 5-10 min kompensasiya ödənildiyinin şahidi olmuşuq. Baxır zərərin kriteriyalarına... Məsələn, şəxs hansı dərəcədə psixi travma alıb. Əsasən Avropa məhkəmələrində belə qayda var ki, bu məbləğ insanların özünə verdiyi dəyər ilə hesablanmalıdır. Məsələn, mən nə qədər stress çəkmişəm, çəkdiyim bu əzabını qarşılığını heç kim verə bilməz axı. İnsan özünə nə qədər dəyər verirsə, o qədər də məbləğ hesablanmalıdır. Bizdə məbləğlər az miqdarda təyin olunur. Məsələn, 500 min, 1 milyon manat ödənilməsinə rast gəlməmişəm”.

 

Hüquqşünas Pərviz Qurbanov isə deyir ki, bu məsələdə qeyri-dəqiqliyin olması zaman-zaman problemlərin yaranmasına səbəb olur: “Müvafiq qanunvericilikdə konpensasiyanın məbləği konkret müəyyən olunmayıb. Konpensasiya şəxsə dəyən fiziki zərəri, maddi zərər, onun işdən çıxdığı müddət ərzində əlindən çıxan gəliri, sağlamlığını itirməsi nəticəsində ona dəyən mənəvi zərəri, vəkilə çəkdiyi xərcləri əhatə edə bilər. Bununla bağlı Avropa ölkələrində yüksək məbləğ müəyyən olunub. Amma Azərbaycan Respublikası qanunvericiliyində hansısa məbləğ müəyyən olunmayıb. Yüksək məbləğ olmalıdır ki, şəxsə dəyən zərər qarşılansın. Çünki burada tək fiziki zərərdən söhbət getmir. Məsələn, həmin şəxsin 5 ili gedir, o, bu illəri geriyə qaytara bilməyəcək. Konpensasiyanın məbləği müəyyən olunsa, hüquq mühafizə orqanlarının da məsuliyyəti güclənər”.

 

Bəs insanların günahsız yerə həbsdə yatmasına səbəb olanları hansı cəza gözləyir?

 

Vəkil Emil Aslanovun sözlərinə görə, günahsız yerə həbs edilən insanın həbsinə müstəntiq qərar verir: “Çünki işin rəhbəri müstəntiqdir, prosessual işləri də yerinə yetirən prokurordur. Onlarla bağlı yuxarı səlahiyyətli orqan tərəfindən xüsusi qərar çıxardıla, ya işdən azad oluna, ya da töhmət ala bilərlər. Hətta qanunsuz həbs etməyin özü cinayət məsuliyyətinə səbəb olur. Həmin müstəntiq 3 il müddətində qədər azadlıqdan məhrum edilə bilər. Onun əməlləri nəticəsində şəxsə hər hansı ağır zərbə dəyibsə, daha yüksək cəza ala bilər. Səhv etmirəmsə, 7 ilə qədər azadlıqdan məhrum edilmə cəzası nəzərdə tutulur”.

 

Yasamal rayon məhkəməsinin sədri İslam Əliyev deyir ki, konpensasiyanın məbləğinin konkret olması məqsədəuyğun deyil. Qanunsuz yerə həbsdə yatan insan bu  məbləği özü müəyyən etməlidir: “Konpensasiyaların məbləği konkret olaraq qaninvericilikdə ,istərsə də cinayət məcəlləsində mümkün deyil. Bu mülki mühakimə icraatı qaydasında həll edilməlidir. Mülki məcəllədə də bunlarla bağlı hər hansı bir konkret konpensasiyanın məbləği yoxdur. Onda belə çıxır ki, məbləğ illər, aylar, günlər üzrə həll edilməlidir. Bunu qanunvericilik necə tənzimləsin? Qanunsuz həbsdə 10 gün  yatan adam da var, 10 il yatan da var. Bunu necə müəyyən etmək olar? Yəni bunu qanun müəyyən etsə, bundan da narazı qalacaqlar. Hesab edəcəklər ki, qanun az məbləğ müəyyən edilib. Deyəcəklər ki, mən 100 min istəyəcəkdim amma 10 min yazdılar. Konpensasiyanı şəxs özü müəyyən etməlidir”.

 

İslam Əliyevin sözlərinə görə qanunsuz həbsdə yatan insan ona dəymiş ziyanın ödənilməsi üçün ağıla batan məbləğ tələb etməlidir: “Bəzi insanlar var ki, bunu özü qiymətləndirir ki, 1 milyon. Ağıla sığmayan bir məbləğ  tələb edir. Bu da dövlət büdcəsi hesabına ödənilir. Hətta Avropa məhkəməsinin qərarlarına da baxsaq bu kateqoriyalı işlərə 10 min euro və ya 5 min eurodan artıq vəsait ödənilmir. Azərbaycanda elə şəxs olub ki, ona 50 min manat ödənilib. Düzdür, o çox ,4 il həbsdə qalmışdı”.

 

Dərdi həkimdən yox, çəkəndən soruş deyiblər. Günahsız yerə illərini barmaqlıqlar arasında keçirənlərin təcrübəsi onu deməyə əsas verir ki, heç kim bu acı aqibətdən sığortalanmayıb. Buna görə də diqqətli olmalı, belə bir ehtimal yarandıqda isə mütləq peşəkar vəkilə müraciət etməliyik.

Müəllif | Apa.Tv
Apa.tv