Bizi təhqir edən, xanımlara sataşan, səkidə adam vuran sürücülər: Bunlara kim sənəd verir?

Bu günün əsas problemlərindən biri də taksi və avtobus sürücüləri ilə bağlıdır. Sərnişinlər davamlı olaraq sürücülərin davranışlarından, nəqliyyat vasitələrini idarə etmələrindən şikayət edirlər. Elə özümüz də az qala hər gün bu cür neqativ hadisələrin şahidi oluruq. Bəs bunun qarşısını necə almaq olar? Günah sürücülərdədir yoxsa onları işə qəbul edəndə?

 

Şirkətlər sürücüləri işə götürərkən hansı sənədləri tələb edir? Hər gün rastlaşdığımız qəribə hadisələr belə bir şübhə yaradır ki, tələb olunan tibbi arayış formal xarakter daşıyır, sürücülər psixoloji yoxlamadan, narkoloji testdən keçmirlər. Narkotik vasitələrin təsiri altında olan sürücülərin saxlanılması, sərnişinlərlə kobud rəftar, xanımlara əxlaqsız təkliflərin edilməsi, təhlükəli idarəetmə, qəza vəziyyətləri belə düşünmək üçün ciddi əsas verir.

 

Mövzu ilə bağlı əvvəlcə avtobus sürücülərinin fikirlərini öyəndik.

 

Sürücü Yunis İbrahimov deyir ki, sürücülük vəsiqəsi və avtobus idarə etmək üçün “D” kateqoriyası mütləq şəkildə olmalıdır: “Şəxsiyyət vəsiqəsi, sağlamlıq kağızı. Sağlamlıq kağızını həkimdən alırsınız yoxsa? Bəli. Ümumiyyətcə bizim şirkətin özünün həkimi var. Müayinədən keçir. İşə elə buraxılırlar. Hər gün olur bu? Hər gün. Amma işə qəbul olunanda da sənəd hazırlayırsan, sağlamlıq kağızı.

 

Digər avtobus sürücüsü olan Şahin də deyir ki, onlardan narkoloji, sağlamlıq haqqında kağız tələb olunur: “İçkiyə bağlı. Birdə arayış tələb olunur Asan xidmətdən. Onları təqdim edirik, qanuni aformut olunuruq. Hər səhər qarajdan çıxanda ağzımızı aparatla iynəyib buraxırlar. Maşını buraxırlar küçəyə”.

 

“Xaliq Faiqoğlu” şirkətinin mətbuat katibi Nizam Rzayev APA TV- yə verdiyi açıqlamada sürücülərin işə götürülməsi prossesini izah edib. Onun sözlərinə görə şirkət ən azı 3 illik təcrübəsi olan sürücüləri işə götürür. Bundan əlavə sağlamlıq haqqında arayış təqdim edilməli, sürücü psixoloji və fiziki cəhətdən tam sağlam olmalı, məhkumluq həyatı yaşamamalıdır: “Qeyd etmək istəyirəm ki, işə götürülən sürücülər dərhal işə buraxılmır. Onlar müvafiq olaraq təlimlərə cəlb edilirlər. Müəyyən prossedurları keçdikdən sonra sərbəst şəkildə işə başlayırlar. Həmçinin qeyd etmək istəyirəm ki, avtobuslarımızda daxili kameralar var. Bu sistem vasitəsi ilə avtobus sürücülərinin davranış formaları, sərnişinlərlə münasibəti, özlərini idarəetmə şəkili və s hamısı nəzarət olunur”.

 

Bəs Taksi sürücüləri ilə bağlı vəziyyət nə yerdədir? Onların işə götürülmə mexanizmi necədir? APA TV-yə açıqlamasında sürücülər onlardan sağlamlıq kağızı tələb olunmadığını bildirdilər.

 

Kameraya danışmaq istəməyən digər taksi sürücüsü də onlardan sağlamlıq haqqında hər hansı arayışın tələb olunmadığını təsdiqlədi: “Mən şirkətə yazılanda şəxsiyyət vəsiqəsi və prava soruşublar. Alkaqollik içki içənlərə və ya narkoman olanlara ancaq nəzarət dövlət yol polisində gedir”.

 

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov APA TV-yə verdiyi açıqlamada sürücülərin işə götürülməsi zamanı tibbi arayışın vacib olduğunu vurğulayıb: “Hamı işləmək istəyir, hamı nəsə pul qazanmaq istəyir. Amma burada onun sağlamlığı da buna imkan verməlidir. Biz statistik rəqəmlərə baxsaq neçə nəfər rol arxasında ürəyi dayanıb, neçə nəfərin halı pisləşib. Yəni bunlar da ürəkaçan faktlar deyil”.

 

Ekspertin sözlərinə görə bunun qarşısını yalnız inzibati yollarla, eyni zamanda KİV-lər vasitəsi ilə, maarifləndirici məlumatlar verməklə almaq mümkündür: “Burda insan amili var. Bu arayışların müəyyən manata müqabilində verilməsi, dəyişdirilməsi, yazılması bu məlum məsələdir. Amma bunun da bir mexanizmləri var. Bu prosseslər ciddi hal alıb və sərnişinlər arasında, əhali arasında diskomfort hissi yaradır. Yəni müsbət qarşılanmır. Onun üçün də mən inanıram ki, yaxın zamanlarda bu daha aktiv fazaya keçəcək. Dövlət tərəfindən ciddi qarşılanacaq, ciddi nəzarət mexanizmi olacaq və insanlar da bundan məmnun qalacaq”.

    

Mövzu ilə bağlı taksi şirkətlərinin bir neçəsinə sorğu göndərsək də, müraciətimizə sadəcə “BOLT” şirkəti cavab verdi. Məlum oldu ki, şirkət Estoniyada yerləşir. Azərbaycanda nümayəndilikləri fəaliyyət göstərir, amma onlar sürücüləri işə götürmür. Sürücülər müstəqil şəkildə şirkətin saytında onlayn qeydiyyatdan keçməklə işə başlaya bilirlər. Maraqlıdır ki, tələb olunan sənədlər arasında tibbi arayış yoxdur. Sadəcə sürücülük vəsiqəsi, VÖEN, bank hesabı və məhkumluğun olmaması haqqında arayış təqdim etməklə hər kəs taksi sürücüsü kimi fəaliyyət göstərə bilər.

 

Belə... Özünüz də gördünüz ki, balaca bir araşdırma bu sahədə nə qədər boşluğun olduğunu görmək üçün kifayət edir. Mövcud şərtlər daxilində isə az qala hər addımda qanunvericiliyin pozulması heç də təəccüblü görünmür.

 

MƏHƏMMƏD TAĞIYEV

XƏYAL İSGƏNDƏROV

APA TV

Müəllif | Apa.Tv
Apa.tv