BMT-nin iclasında Almaniya niyə Azərbaycana qarşı çıxdı?
Sentyabrın 22 Bakı vaxtı ilə gecə saatlarında BMT Təhlükəsizlik Şurasının Fransanın təşəbbüsü ilə Qarabağa həsr olunmuş iclası keçirilib. Çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın haqlı mövqeyini fakt və sübutlarla iclas iştirakçılarının diqqətinə çatdırıb. Fransanın XİN rəhbəri Ketrin Kolonna BMT TŞ iclasında, “Biz passiv ola bilmərik, çünki o zaman əhalinin kütləvi mühacirətində şərik olacağıq” deyib. Rusiyanın BMT-dəki nümayəndəsinin "Xankəndi" ifadəsini işlətməsi isə ermənilərin qəzəbinə səbəb olub. İclasda Qarabağda keçirilən lokal antiterror tədbirlərini qınayan ölkələrdən biri də Almaniya oldu. Ölkənin XİN rəhbəri Anna Berbok bildirdi ki, azərbaycanlılar dinc ermənilərə qarşı zorakılıq edib və keçirilən tədbirlər dərhal dayandırılmalıdır. Maraqlıdır, illərdir Azərbaycan ərazi bütövlüyün dəstəkləyən Almaniya sonuncu iclasda separatçıları dəstəkləyən mövqe ilə çıxış etməsinin səbəbi nədir? Siyasi şərhçi Yeganə Hacıyeva bildirib ki, torpaqların azad olmasından sonra işğal olunmuş ərazilərdə metal emalı zavodlarında Fransa şirkətləri ilə yanaşı, alman şirkətləri də fəalliyət göstərib. Bu da beynəlxalq konvensiyalara ziddir. Erməni siyasi fəal İşxan Verdyan isə APA TV-yə bildirib ki, bəzi beynəlxalq güclər Azərbaycan-Ermənistan məsələsinin həll olunmamasında maraqlıdırlar. O əlavə edib ki, istər Qarabağda, istərsə də Ermənistandakı ermənilərin haqlarını qoruyuram deyən erməni lobbisi və beynəlxalq siyasi təşkilatlar da bölgədə konfliktin yaranmasında maraqlıdırlar. İşxan Verdyan əlavə edib ki, Azərbaycan artıq separatizm üzərində qələbəsini elan edib və bütün beynəlxalq güclər bununla razılaşmalı olacaqlar. Erməni siyasi fəal onu da vurğulayıb ki, artıq Türkiyənin Ermənistanla da əlaqələrinin qurulması istiqamətində işlər gedir. Britaniyalı siyasi şərhçi Neil Vatson isə APA TV-yə bildirib ki, Almaniya XİN rəhbərinin Azərbaycan əleyhinə çıxış etməsinə səbəb illərdir dünyanın bir çox yerində olduğu kimi Almaniyada təbliğ edilən qondarma erməni soyqırımına inanması ilə bağlıdır. Ola bilsin ki, indi də erməni lobbisi Almaniya ictimaiyyətini Qarabağdakı ermənilərin blokadada qaldıqlarına inandıra bilib. Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının Qarabağa həsr olunmuş iclasında iştirak edən ölkə təmsilçiləri deklarativ çıxışlarla kifayətləniblər və heç bir sənəd qəbul olunmayıb. Fuad Sadıqov APA TV