BMT nümayəndəsi: “Azərbaycanlı icmanın Dağlıq Qarabağda yerlərinə qayıtmasını istəyirik”

Bu gün BMT-nin Bakıdakı nümayəndəliyi ADA Universiteti ilə birlikdə BMT-75 təşəbbüsünün Azərbaycanda başlanılmasına həsr olunmuş tədbir təşkil edib.

 

APA TV-nin məlumatına görə, panel müzakirələri zamanı iştirakçılar BMT-75 təşəbbüsünün il ərzində müzakirə edəcəyi məsələlər barədə fikir mübadiləsi aparıb.

 

Görüşdə həmçinin gələcək nəsillər üçün daha yaxşı dünyanın qurulmasında hökumətlər, müəssisələr və vətəndaş cəmiyyəti təşkilatlarının rolu və vəzifələri müzakirə edilib.

 

Vurğulanıb ki, bu gün dünyada ən aktual problemlər sırasında iqlim dəyişikliyi, demoqrafiya və qaçqınlar yer alır.  Bundan başqa, dünyada gənclərin 1/5-i işsizdir, ¼-i isə zorakılığa məruz qalır. Digər tərəfdən, yeni texnologiya şəxsi məlumatların təhlükəsizliyinə təhdid yaradır. 

    

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva BMT-nin artıq 30 ildir ki, Azərbaycanda fəaliyyət göstərdiyini xatırladıb.

 

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai isə bildirib ki, “Biz azərbaycanlı icmanın Dağlıq Qarabağda yerlərinə, yuvalarına qayıtmasını istəyirik”.

 

Özünün də münaqişəli ölkədə böyüdüyünü vurğulayan Qulam İshaqzai BMT-nin münaqişədən əziyyət çəkən insanların qida və digər problemlərini həll etməyə çalışdığını qeyd edib.

Müəllif | Apa.Tv
Apa.tv