BNA: Digər nəqliyyat vasitələri şənbə-bazar günləri avtobus zolaqlarından istifadə edə bilər

"BNA qurulduqdan və parklanma səlahiyyəti bizə veriləndən sonra bildirmişəm ki, küçələrdə parklanma üçün dayanan adamların bizə aidiyyəti yoxdur".

 

APA TV-nin xəbərinə görə, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli mətbuat konfransında bildirib.

 

Onun sözlərinə görə, Bakıda tariflər tətbiq olunmadan hər hansı yığımdan danışıla bilməz: "Tariflər tətbiq edilməlidir, yığımlar dövlət büdcəsinə olmalıdır. Mənim özümə də yaxınlaşıblar, deyiblər BNA əməkdaşıyıq, axırda məsələ polisdə bitib, özləri də səhv dediklərini bildiriblər. Bunların arxasında dayanan adamlar var, şəffaflığı gətirmək istəyəndə qara piara başlayırlar. Əfsuslar olsun ki, nəqliyyatla bağlı miras qalan problemlərdən biri də budur. Küçədə parkinqlərdə yığılan vəsaitlərin bizə heç bir aidiyyəti yoxdur, bu məsələ müvafiq orqanlar tərəfindən nəzarətə götürülsün".

 

BNA sədri avtobuslarda kart sisteminə keçidi ilin sonuna qədər bitirəcəklərinə diqqət çəkib: “Avtobuslarda kart sisteminə keçidi bu ilin sonuna qədər bitirmək istəyirik. Kartlaşma ötən ilin sonunda başa çatmalı idi. Pandemiya və müharibəyə görə bu proses ləngidi. Kartlarda balansı onlayn artırmaq mümkün olacaq”.

 

“Şəhərin mərkəzi və Bulvar ərazisini əhatə edən 7,5 km uzunluğunda velosiped yolunun inşası layihələndirilib” deyən Vüsal Kərimlinin sözlərinə görə, yolun tikintisinin 2021-ci ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulub. Bakı şəhərinin Baş Planında nəzərdə tutulan velosiped yol şəbəkəsinin uzunluğu 2027-ci ilədək 63,5 km, 2040-cı ilədək 251,2 km olacaq.

 

BNA sədri qeyd edib ki, digər nəqliyyat vasitələri şənbə-bazar günləri avtobus zolaqlarından istifadəsinə də aydınlıq gətirib: “Şənbə-bazar günləri ictimai nəqliyyat işləmədiyi üçün avtobus zolaqlarından istifadədə məhdudiyyət yoxdur. Avtobus sayını yox, yolunu artırmalıyıq. Metro bağlı olduğu üçün nə qədər avtobus çıxarsaq da, mümkün deyil”.

 

BNA sədri qeyd edib ki, pandemiyaya görə hava nəqliyyatı üzrə uçuşlar dayandığı üçün Operativ Qərargahın qərarı ilə Hava limanı istiqamətində ekspress avtobuslar dayandırılıb. Bunun açılıb-açılmaması da Operativ Qərargahdan asılıdır.

 

Sevinc Vaqifqızı

Faiq Həsənov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv