BNA: Sürücülər arasında koronavirusa yoluxma halı qeydə alınmayıb

"Bakıda avtobus sürücüləri arasında koronavirusa yoluxma halı baş verməyib".

 

APA TV-nin məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Bakı Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.

 

O qeyd edib ki, “Bakubus"da 800-dən çox sürücü yoxlanılıb. Nəticələr neqativ çıxıb, sürücülər arasında virusa yoluxma faktı olmayıb. Avtobus qarajları ciddi şəkildə dezinfeksiya edilir. 

 

Agentliyin sədri həmçinin vurğulayıb ki, avtobus və sərnişindaşıma sahəsində martın 24-dən indiyədək 21 milyon 652 min sərnişin səyahət edib. Ekspress xətlər üzrə 7 avtobus xətti təmin edilib, 944 min sərnişin daşınıb: “Pandemiyadan əvvəl 2000-2040 avtobus fəaliyyət göstərirdisə, hazırda 1700-1750 avtobus xəttə buraxılıb. Ekspress xətlər üzrə 105 avtobus fəaliyyət göstərir. Artırılan marşrut xətləri üzrə əlavə sürücü tələb olundu, 103 sürücü işə qəbul olunub. Avtobus, qaraj və nəqliyyat mübadilə mərkəzlərində gündəlik dezinfeksiya işləri aparılır. Sürücülər tibbi maskalarla təchiz olunub". 

 

Vüsal Kərimli bildirib ki, Bakıdakı bütün sərnişin avtobuslarında gediş haqqının karta ödənilməsi təmin edildikdən sonra kartlara onlayn ödəmə mümkün olacaq: “Biz bu il yekunlaşdırmağı planlaşdırırdıq. Tərəfdaşlarımız xarici ölkələrdə olduğu üçün karantin rejimi ilə əlaqədar hələlik məsələ qalıb. Bu layihə tam tətbiq edildikdən sonra, yəni bütün avtobuslar “Bakıkart”la təmin olunduqdan sonra ödənişləri onlayn, telefonla etmək mümkün olacaq”.

 

İdarə heyətinin sədri qeyd edib ki, son günlərdə sərnişinlər xüsusi karantin rejiminə məsuliyyətsiz yanaşır ki, bu da ÜST-ün tövsiyələrində deyildiyi kimi, ikinci dalğanın olması ehtimalını yüksəldir.

 

 

Müəllif | Apa.Tv
Apa.tv