Bol məhsul, ucuz qiymət və alıcı zəifliyi - KARANTİN REJİMİ İSTİXANALARA DA TƏSİRSİZ ÖTÜŞMÜR
Koronavirus infeksiyasının tüğyan etməsinə baxmayaraq yerli fermerlər istixanalarda pomidor yetişdirməklə ölkənin ərzaq təminatında yaxından iştirak edirlər. Salyan fermerlərinin əsas gəlir mənbəyi olan istixana təsərrüfatlarında yetişdirilən pomidorlar həm də pandemiya dövründə əhalinin tərəvəzə olan tələbatını ödəyən ərzaq növlərindən biridir.
Rayon ərazisində 300 hektardan çox istixana təsərrüfatı var ki, bu da hər hektar hesabına 100 tondan çox məhsul deməkdir. Fermerlər öz məhsullarını yerli bazarlarla yanaşı Rusiya bazarlarına da ixrac edir. Lakin koronavirusa görə tətbiq olunan karantin rejimi Rusiya bazarlarında alıcılıq qabiliyyətini aşağı salıb. Yaranan durum isə yerli fermerlərə sərf etmir. Karantin rejimi istixanalarda yetişdirilən tərəvəzin məhsuldarlığına təsir etməsə də qiymətinə ciddi təsir edib.
Rayon ərazisində fəaliyyət göstərən fermerlər deyir ki, hazırda yetişdirdikləri məhsul maya dəyərindən iki dəfədən çox ucuz qiymətə satılır:
“İşlərimiz qaydasındadır. Qışda əkinimizi əkmişik, yaza çıxarmışıq. Yüksək məhsuldarlıq əldə etmişik. Sadəcə bazarlarda alış-veriş çətinləşib. İnsanların çölə çıxması ilə əlaqədar satışda müəyyən çətinliklər yaranıb. Qiymətlər ötən illərlə müqayisədə aşağıdır. Çəkdiyimiz xərcə görə qiymətlər aşağıdır. Səbəb də bu günkü vəziyyətlə əlaqədar, yəni dünyada virusun yayılmasına görədir. İnsanların çölə çıxmasına görə bazarlarda alış-veriş zəifdir”.
İstixanalarda yetişdirilən pomidor,xiyarın yerli və xarici bazarlarda satılması sahibkarların ən gəlirli sahələrindən biri olub. Yetişdirilən pomidorun maya dəyərinə işçi qüvvəsi, yanacaq, istixana konstruksiya xərcləri, şitil qiymətləri, ziyanvericilərə qarşı kimyəvi dərman preparatları və sair xərclər aiddir ki, bu da məhsulun qiymətini artırır:
“Məhsuldarlıq hər il olduğu kimi yaxşıdır. Hal-hazırda məhsulumuzu yerli bazara daha çox çıxarırıq. Rusiya bazarı da zəifləyib. Biz məhsulun hər kiloqramına 2 manat xərc çəkirik. Amma satış qiyməti 70-80 qəpikdi. Bu da sahibkarlara ziyandı”.
Azalan gəlirlər isə növbəti məhsul mövsümündə xərclərin qarşılanmasında problemlər yaradır. Vəziyyətin ürəkaçan olmadığını deyən fermerlər dəyən zərərin qarşılanmasında aidiyyatı qurumların yardımçı olacağına ümid edir.