Bölgələrdə də 65 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanılıb
Bu gündən etibarən Respublikada yaşı 65-dən yuxarı olan vətəndaşların vaksinasiyasına başlanılıb. Bu proses artıq Gəncə şəhərində də həyata keçirilir.
Şəhərin 6 tibb ocağında həyata keçirilən vaksinasiya üçün xüsusi otaqlar hazırlanıb. Yaşlı insanlar peyvənddən öncə həkim yoxlanışından keçirilir. Onların sağlamlığı buna imkan verirsə peyvənd vurulur. Vaksinasiyadan sonra insanlar gözləmə otaqlarında bir neçə dəqiqə qalır və bu müddətdə həkimlər vaksinin necə təsir etdiyini yoxlayırlar. Peyvəndlənən hər bir şəxsə növbəti vaksinasiyaya qədər xüsusi pasport verilir. Qəbul edilən vaksinlə bağlı yaşlı insanların arasında hələ ki, hər hansı bir narahatçılıq yaşanmayıb:
- Mənim 69 yaşım var. Mən vaksin vurdurmaq üçün Abbas Səhhət adına xəstəxanaya gəlmişəm.
- Heç bir çətinlik yoxdur, qəşəngdir. Yarım saatdır peyvəndi vurdurmuşam, burdayam, indidə gedirəm evə. Özümü də yaxşı hiss edirəm. İynədən sonra məndə heç bir fərq eləməyib. Adi iynədir də vuruldu qurtardı.
Vaksin otaqları peyvəndlərin saxlanılması üçün soyuducu və dərman ləvazimatları ilə təmin edilib. Vaksinin vurulması üçün isə ixtisaslı tibbi personalı xidmət aparır. Dərmanlar tibb ocaqlarında bir gün müvafiq şəraitdə saxlanıldıqdan sonra əhaliyə vurulur. Xəstəxanalarda gözləmə, qeydiyyat, peyvənd və postvaksinal-gözləmə otaqları ilə yanaşı, vaksinasiyadan sonra səhhətində hər hansısa problem yarana biləcək şəxslər üçün təcili yardım otağı da yaradılıb. Bütün otaqlar zəruri tibbi və gigiyenik avadanlıqlarla təchiz ediliblər. Xəstəxananın həkimi Əminə Cəfərova deyir ki, bu otaqlarda gün ərzində 100 nəfərin peyvənd edilməsi mümkündür: “Hal-hazırda 65 yaş və ondan üst olan vətəndaşların vaksinasiyası ilə məşğuluq. Yəqin ki, bunlara birinci doza vurulandan 21 gün sonra ikinci vurulacaq. Hal-hazırda 400 doza almışıq. Bu gün 17 nəfərdən randevu götürülüb. Onun 10 nəfərinə vaksin vurulub”.
Qeyd edək ki peyvəndlərin vurulması iki mərhələdə həyata keçirilir. İlk vaksindən 21 gün sonra 2-ci peyvənd vurulur və bununla da proses başa çatmış hesab olunur.
Fuad Nazimoğlu
Mehdi Məmmədov
APA TV