Bombardman edildi deyilən əsgərlərdən xəbər var
Çoxsaylı itkilərə baxmayaraq, Rusiya Ordusu öz əsas məqsədindən - Kiyev üzərində nəzarəti əldə etməkdən vaz keçmir.
APA “Unian.net” saytına istinadən xəbərinə görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Çoxsaylı itkilərə və hücum tempinin azalmasına baxmayaraq, düşmən əsas hədəfindən – Kiyevi ələ keçirməkdən vaz keçmir. Şəhərin müdafiə qüvvələri tərəfindən düşmənə müqavimət göstərilir”, - deyə açıqlamada deyilir.
Məlumata Polesye, Xomutovka, Qluxov və Baturin istiqamətində hücumların qarşısının alındığı da əlavə olunub.
Ukrayna tərəfi Rusiya Ordusunun Nikolayev və Mariupol şəhərlərini ələ keçirmək cəhdlərindən də vaz keçmədiyini bildirib.
Yeri gəlmişkən qeyd edək ki, bir neçə gün öncə Qara dənizdə, Ukraynaya məxsus İlan adasında Rusiya hərbi gəmilərinin təslim tələbinə tabe olmayan 13 ukraynalı hərbçinin bombardman edildiyini bildirmişdi.
Bu gün Ukrayna Hərbi Dəniz Qüvvələrinin rəsmi "Facebook" səhifəsində həmin hərbçilərin öldürülmədiyi, əsir götürüldüyü ilə bağlı açıqlama yayılıb.
Diqqətə çatdırılıb ki, dəniz piyadaları iki dəfə rusların hücumlarını cəsarətlə dəf edib, silahlarının olmaması səbəbindən adanın müdafiəsini davam etdirə bilməyiblər.
Dəniz Qüvvələri Komandanlığından o da bildirib ki, dəniz piyadalarının ölümü və yaralanması ehtimal olduğu üçün fevralın 26-da Ukrayna humanitar missiya üçün adaya "Sapphire" mülki gəmisini göndərib, amma gəmi heyəti ruslar tərəfindən əsir götürülüb.
Bildirilib ki, əsir götürülən gəmi heyəti arasında iki keşiş də var.