Boş butulka satıb, puluna kitab alan kişinin həyat hekayəsi - REPORTAJ

Kitab mağazalarının birində yaşlı, çəlimsiz bir adam kitabları diqqətlə seçir, böyük səbirlə vərəqləyirdi. Maraqlısı isə bu yaşlı adamın seçdiyi kitabların sayının bir-iki yox, 15 ədəddən yuxarı olması idi.

 

Təvazökarlıqla qəbul etdi bizimlə söhbət etməyi. 65 yaşındadır Üzeyir dayı. Özünün dili ilə desək, Stalinlə bir gündə doğulub: “1957-ci ilin dekabrın 6-da doğulmuşam. İosif Vissarionoviç Stalin də dekabrın 6-sı doğulub. Mən 5 yaşına qədər əlaçı idim, şəklim şərəf lövhəsində idi. Sonra birdən-birə oxumağa həvəsim olmadı. Sinifdən xaric oxu oxuyurdum. Sinifdən xaric oxular sinif dərsliklərindən çox yaxşıdırlar. Çünki məktəb dərslikləri ancaq təhsil verir. Sinifdən xaric oxu isə həyatı, dünyanı tanıtdırır insana. Valideynlərim müəllim idi, evimizdə yaxşı ensiklopediyalar  vardı. Buna görə də uşaqlıqdan kitab oxuyurdum. 34 yaşım olanda həvəs göstərdim kitabxana yaratmağa. Mənim evimdə 2 min dollarlıq kitab var. Təsəvvür edirsiniz? Məndən başqa hansı axmaq kitaba bu qədər pul verər?”

 

32 ildir ki, çörək pulunu zibil qutularından boş butulkalar, bankalar, əşyalar yığıb satmaqla qazanan Üzeyir dayı tək yaşasa da, bir oğlu var. Övladı ilə əlaqəsinin olmadığını deyir. Texnologiyanın əsiri olmamaq üçün isə mobil telefon işlətmir. Gündəlik qazandığı 10-15 manatla ancaq kitab mağazalarında dərir nəfəsini. Hətta özünün yazdığı povestləri də var: “Gündə ən azı bir kitab oxuyuram. Elə  olur ki, iki kitab oxuyuram. Ayrılmıram kitab oxumaqdan. Evə qayıdanda çay və ya kofe içib başlayacağam kitab oxumağa. Ayrılmıram kitab oxumaqdan. Mənim özümün yazdığım povestlərim var. Qalanları elmi əsərlərdir. Bir də seksologiyadan elə bahalı kitablar var ki, məndə”.

 

Ayda bir-iki dəfə gəlib 200-300 manatlıq kitab alan Üzeyir dayıya kitab mağazasında endirim də edilir. Kitab mağazasının müdiri İman İmanov deyir ki, Üzeyir dayı ilə 5-6 aydır ki, tanış olmuşuq: “Mağazamıza hər gəldiyində 200-300 manatlıq kitablar alır. Biz yarıbayarı qiymətinə endirim də edirik ona. Bəzən pulunun çatmadığı vaxt nisyə alıb kitabları, növbəti ay gətirib verib pulu”.

 

Tez-tez kitab mağazasına gəlib, onlarla kitab alan 65 yaşlı Üzeyir dayının, gənclərə nəsihəti var: “Mümkün qədər internetdən yaxa qurtarın. İnternet olduğu qədər güclü və zalım bir şeydir. Bundansa kitab oxumaq lazımdır. Yaxşı kitablar, Allaha şükür ki, nəşr olunur. Amma sizdə kitab oxumağa həvəs tükənib. Halbuki kitablardan çox böyük təcrübə götürmək olur, həyatı öyrənmək olur”.

 

Həyatdan böyük gözləntiləri yoxdur Üzeyir dayının. Özünə dost seçdiyi kitabları və gənclərə ibrət olan kitab sevdası onu xoşbəxt etməyə yetir. Üzeyir dayı çoxumuzun qurtula bilmədiyimiz virtual dünyanın əsirinə çevrilməkdənsə, hər sətrindən hikmət yağan kitablara yönəlməyi seçib. Bəlkə əynindəki nimdaş paltarları onu çoxumuzdan fərqləndirir. Amma çox zaman zəngin bir qəlb ucuz bir pencəyin altında olur.

 

Fatma Zahidqızı,

Samir Qaragözov,

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv