Britaniyanın ölkəmizdəki səfiri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Qubaya səfər edib.

APA TV-nin şimal bürosunun məlumatına görə, səfir öncə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevlə görüşüb.  Diplomata rayon haqqında ətraflı məlumat verilib. 

Daha sonra səfir Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib. Məlumat verilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Kompleks 2013-cü il sentyabrın 18-də açılıb. Burada XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. 

Kompleksdə quraşdırılan monitordakı xüsusi xəritədə isə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikanın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.

Ceyms Şarp bildirib ki, bu onun Qubaya ilk səfəridir. Onun sözlərinə görə, bu kimi səfərlər Azərbaycan haqqında daha dolğun məlumat almağa və ölkəni tanımağa kömək edir.

Səfir 1918-ci ilin Azərbaycan üçün həm uğurlu, həm də müəyyən məqamlara görə çox ağrılı il olduğunu qeyd edib: “1918-ci ildə siz öz demokratiyanızı əldə etdiniz və həmin ildə döyüşlər və qırğınlar da baş tutub. Bura gələrək qırğınların miqyasını, həmçinin sizin bunu andığınızı və yadda saxladığınızı görmək mənə çox böyük təsir etdi”.

Diplomat iki ölkə arasındakı əlaqələrdən də söz açıb: “Azərbaycanla əlaqələrimiz çox yaxşı səviyyədədir. Biz Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra onu tanıyan ilk ölkələrdən biri olmuşuq. Böyük Britaniyanın Azərbaycanda böyük investisiyası var. Demək olar ki, son 30 ildə biz Azərbaycanın inkişafına dəstək olmuşuq. 31 yanvarda Böyük Britaniya Avropa İttifaqını tərk edib. Ümid edirik ki, biz bundan sonra Azərbaycanla daha yaxından əlaqələr quracağıq”.

Ceyms Şarp həmçinin bir sıra istehsal müəssisələrində və dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı Qəsəbədə olub.

 

Müəllif | Apa.Tv
Apa.tv