Brüssel görüşündə nələr qazandıq? - Hər şey dəyişəcək

Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında keçirilən, 4 saatdan artıq davam edən görüşün nəticələri barədə dünya mediasında geniş müzakirələr aparılır.

İclasdan sonra Şarl Mişel bəyanatla çıxış edib. O, tərəflər arasında sülhün və etimadın təşviqi işlərinin, itkin düşmüş şəxslərlə bağlı humanitar tədbirlərin gerçəkləşdirilməsinin, ərazilərin minalardan təmizlənməsinin vacibliyi vurğulayıb.

Qeyd edib ki, Aİ humanitar minatəmizləmə, eləcə də regionda aparılan reabilitasiya və yenidənqurma işlərinə dəstək verəcək.

Bəs bütün bunlardan sonra bölgədə nələr dəyişəcək?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, son görüş geosiyasi əhəmiyyəti ilə yanaşı, bütövlükdə Azərbaycan və region üçün yeni imkanlar yaradır. Onun fikrincə, Bürussel görüşündə kommunikasiyaların bərpası, eləcə də Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində növbəti addımlar atıldı. Vüqar Bayramov bildirib ki, artıq Avropa İttifaqı avtomobil yolu komminikasiyalarının bərpası istiqamətində işlərin sürətlənməsi ilə bağlı tərəflərə müraciət edib: “Avropa Birliyi ilə tərəflər və bütövlükdə region arasında ticarət və iqtisadi əlaqələrin genişlənəcəyi də gözlənilir. Azərbaycan Avropa İttifaqının regionda ən böyük ticarət tərəfdaşıdır. Aİ-nın Cənubi Qafqazla olan ticarətinin 75 faizə yaxını Azərbaycanın payına düşür. Eyni zamanda, investisiyanın cəlb edilməsi baxımından Avropa ilə əməkdaşlıqda Azərbaycan xüsusi paya malikdir, çünki Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verən ölkədir”.

Bəs görəsən Rusiyanın və İranın bu xətlərin reallaşmasına münasibətləri necə ola bilər? Deputat Naxçıvana İran vasitəsilə çəkiləcək avtomobil yolunun da əhəmiyyətli olduğunu deyib. O əlavə edib ki, məlum sanksiyalara görə Rusiya yeni açılacaq kommunikasiyalarla yükdaşımaların həcmini artıracaq: “Zəngəzur dəhlizi Azərbaycan və region üçün əhəmiyyətlidir. Rusiyaya isə tətbiq edilən sanksiyalar fonunda region üzərindən yükdaşımaların həcmini artırmalı olacaq. Bu da təbii ki, Zəngəzur dəhlizinin reallaşmasının daha çox gəlir əldə etməsinə imkan verəcək”.

Deputat onu da əlavə edib ki, kommunikasiyaların bərpası region vətəndaşlarının sosial rifahının yüksəlməsinə də səbəb olacaq.

Bəs görəsən, Brüssel görüşündə hansı siyasi uğurlar əldə olundu?

Siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, görüşdə kankret sülh müqaviləsi üzərində işləmək üçün nazirlər səviyyəsində tapşırıqlar var və gözlənilən perspektiv çox yüksəkdir: “Ermənistan Azərbaycanın 5 prinsipini qəbul edib, o cümlədən, Azərbaycan ərazi bütövlüyünü tanıyır və kommunikasiyaların açmılması, başqa mənada delimitasiya və demarkasiya məsələlərinin həll olunmasına da imza atmış olur. Yaxşı məqam ondan ibarətdir ki, Dağlıq Qarabağ status məsələləri gündəmə gəlməyib və bu məsələ həm də Avropa İttifaqının da gündəmində yoxdur ki, bu da müsətsna addım oldu”.

Bəs görəsən Ermənistan tərəfi bu görüşə necə yanaşdı? Maraqlıdır ki, hökumətin tərkibindəki bəzi revanşistlər və eləcə də müxalifətdəki 5-ci kolon bu görüşü Paşinyanın növbəti məğlubiyyəti kimi dəyərləndirir. Erməni politoloq Edqar Elbakyan bildirib ki, Brüssel görüşünü “erməni milli maraqlarının siyasi Qərbin himayəsi altında torpağa basdırılmasının növbəti aktı” adlandırıb. Politoloqu və onun aid olduğu siyasi dairələri ən çox narahat edən məqam isə Minsk Qrupunun Qarabağ məsələsində oyundan kənarda qalması olub. “Şarl Mişel bəyanatında Dağlıq Qarabağın statusu ilə bağlı heç nə demədi. Bəyanatda ATƏT-in Minsk Qrupunun adının çəkilməməsi isə onun faktiki olaraq ləğvindən xəbər verir” – deyə politoloq Edqar Elbakyan bildirib.

Siyasi şərhçi Əziz Əlibəyli də düşünür ki, indi Paşinyan hakimiyyəti sülh müqaviləsini imzalamağa tələsir. Onun fikrincə, əks halda revanşistlər ona 10 noyabr 2020-ci imzalanmasının bədəlini ödədəcək: “Başqa məqam bundan ibarətdir ki, Ermənistan hakimiyyəti tələsir və bu tələskənlik daha çox Paşinyan iqtidarının üzərində olan basqının əlamətləridir. Çünki üzərilərində bir çox imkanları yerinə yetirə bilmədilər və mən hesab edirəm ki, Paşinyanın əleyhdarları imzanın bədəlini ona ödədərlər. Bu mənada Paşinyan da tələsir. Çünki, bölgədəki pəncərələr bağlanıb və istəyir ki Ermənistana pul gəlsin. Çünki ölkə beynəlxalq kommunikasiyaların keçdiyi yol üzərində  yerləşməsi bu avantajını da faydaya çevirə bilər. Əks halda Azərbaycan Zəngəzur dəhlizini İranla reallaşdıracaq. Ona görə düşünürəm ki, belə yanaşmalar Ermənistanın imzasının arxasında dayanmaya məcbur edəcək”.

Görüşə Kremlin mövqeyi barədə də fikir bildirən siyasi şərhçi onu qeyd edib ki, bu məslədə rəsmi Moskvanın fikri müsbətdir. Çünki indiki məqamda Beynəlxalq səviyyədə təklənən Rusiyanın imicini yalnız Moskvada bağlanacaq bu cür sülh müqaviləsi xilas edə bilər. 

 

Fuad Sadıqov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv