BŞİH MTK rəhbərlərinə xəbərdarlıq etdi - KORONAVİRUS TƏHLÜKƏSİ
“Bakıda 346 bağçada mərhələli şəkildə dezinfeksiya işləri aparılır”.
APA TV xəbər verir ki, Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Mart ayının 3-dən etibarən başlanılan işlər artıq tamamlanmaq üzrədir.
- “Biz hazırda Bakı şəhər 76 saylı körpələr evi-uşaq bağçasındayıq. Bura 226 yerlik uşaq bağçasıdır. Binanın bütün otaqlarında aparılan dezinfeksiya işləri günün sonuna kimi davam edəcək”.
Bakı şəhər Dezinfeksiya Mərkəzinin həkimi Elvin Məmmədovun sözlərinə görə, dezinfeksiya işləri zamanı insan orqanizminə heç bir mənfi təsir etməyən, heç bir qalıcı effekti olmayan dərman preparatlarından istifadə olunur. “Türkiyədən gətirilən bu dərmanlar, orada laboratoriyalarda istehsalı olan yüksək keyfiyyətli dərman preparatlarıdır. Biz bu dərmanları yalnız bağçalarda istifadə edirik. Körpələrimizin səhhətində heç bir qalıcı təsir göstərməyəcək”.
Qeyd edək ki, Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olan 11 300 binanın da dezinfeksiya işləri mərhələli şəkildə aparılır və qısa müddətdə başa çatdırılacaq.
Həmçinin kooperativ binaların, yaşayış komplekslərinin və MTK-ların rəhbərlərinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən xəbərdarlıq edilib ki, onlara aid olan bina və həyətlərdə dezinfeksiya işləri qısa müddətdə başa çatdırılsın.
İlahə Vəliyeva
Musa Qulammirzəyev APA TV