BŞİH: "Bir çox insan "cimerlik.az" portalından qeydiyyatdan keçmədən çimərliyə gəlir"
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə çimərliklər xüsusi karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində avqustun 5-dən vətəndaşların istifadəsinə verilib. Yay fəslində vətəndaşların ən çox üz tutduqları məkanlardan olan çimərliklərdə son iki gündür ki, sıxlıq müşahidə olunur.
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) rəsmisi İntiqam Məmmədov bildirib ki, hazırda “Buzovna” ictimai çimərliyində hava şəraiti ilə əlaqədar olaraq insanların sayı elə də çox deyil. Buna baxmayaraq çimərliyə üz tutanların sayı davam edir:
“Nəzərdə tutulan kvotanın nizamlanması istiqamətində əməkdaşlarımız tərəfindən daim nəzarət həyata keçirilir. Sosial məsafənin gözlənilməsi məqsədilə görülmüş tədbirlər deməyə əsas verir ki, ictimai çimərlikdə buna riayət olunur. Bunun üçün çimərlik ərazisində iplənmə, izləyici və lentlərlə məhdudlaşdırma işləri aparılıb. Eynilə çimərlikdə dezinfeksiya məhlullarından istifadə qaydaları da nəzərdə tutulub. ”.
Qurum nümayəndəsi diqqətə çatdırıb ki, çimərliklərə üz tutanların sayının tənzimlənməsi məqsədilə “cimerlik.az”- portalı fəaliyyət göstərir:
“Bir çox insan cimerlik.az portalından istifadə edir. Təəssüflər olsun ki, bir qrup şəxslər ümumiyyətlə portala müraciət etmədən çimərliklərə üz tuturlar. BŞİH əməkdaşları olaraq tövsiyə edirik ki, çimərliyə gedən vətəndaşlar mütləq cimerlik.az saytına daxil olmaqla oradakı vəziyyəti müəyyənləşdirərək məkana gəlsinlər”.
Çimərliklərin kvotaya uyğun fəaliyyətini təmin etmək məqsədilə hər bir çimərliyin giriş və çıxışında "ASAN xidmət" könüllüləri fəaliyyət göstərir. Onlar çimərliklərə daxil olanların qeydiyyatını aparırlar. Nəticədə, çimərliklərə istirahətə gələnlərin və boş yerlərin sayı avtomatik olaraq portala yerləşdirilir. Könüllülər, həmçinin əhalinin məlumatlandırılmasını həyata keçirir, qaydalara əməl olunmasının zəruriliyini onların diqqətinə çatdırırlar.
Məkanda təhlükəsizliyə isə Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları nəzarət edirlər. Onlar burada istirahətə gələnlərin sayının tənzimlənməsində də yaxından iştirak edirlər. Yəni, ASAN könüllüləri ilə DİN əməkdaşları koordinasiyalı şəkildə fəaliyyət göstərirlər. Əgər boşluq yoxdursa, yer dolubsa, onlar vətəndaşları digər çimərliklərə yönləndirirlər.