BŞİH vətəndaşlara tibbi maskalar payladı
Bakı şəhərində koronovirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsi məqsədilə paytaxtın bütün rayonlarında tədbirlər davam etdirilir.
APA TV xəbər verir ki, bu tədbirlər çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən müvafiq qrafik əsasında küçə və prospektlərdə, yaşayış binaları, həyət və məhəllələrdə, dayanacaq və obyektlərin qarşısı, eləcə də digər ərazilərdə xüsusi kimyəvi vasitələrlə dezinfeksiyaedici tədbirlər görülüb.
Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov deyir ki, son günlər paytaxtda genişmiqyaslı dezinfeksiya işləri görülür: “Bir şeyə diqqət yetirək ki, son günlər, statistik məlumatlara da diqqət yetirdikdə görürük ki, məlumatlar heç də ürəkaçan deyil. Yəni istər yoluxanların sayı, istərsə də insanların buna adekvatlığı heç də ürəkaçan deyil. Bu gün BŞİH, gördüyünüz bu ərazidə vətəndaşlara qoruyucu vasitələrin paylanması, bu işə vətəndaşların ciddiyyətinin daha da artırılması, önəm verilməsini əhəmiyyətli sayır”.
Tədbirlər çərçivəsində bütün təbliğat vasitələrindən istifadə olunmaqla gündəlik olaraq həyət, məhəllə, küçə və dayanacaqlarda, əhalinin kütləvi toplanma yerlərində maarifləndirmə işləri aparılıb, sakinlərə ciddi tələbat olmadıqda küçəyə çıxmamaları, qoruyucu maska və əlcəklərdən istifadə etmələri, şəxsi gigiyena qaydalarına əməl etmələri ilə bağlı izahat verilib.
Maarifləndirmə tədbirləri çərçivəsində paytaxtın bütün rayonlarında, sakinlərin daha çox toplandığı küçə və prospektlərdə maarifləndirmə reydləri keçirərək vətəndaşlara tibbi maskalar paylanılıb, xəstəliyə yoluxmamaq üçün lazımi tədbirlərin görülmə yolları izah edilib.
Qeyd edək ki, maarifləndirici tədbirlərin gündəlik keçirilməsi nəzərdə tutulur.