BŞTİ: Məktəb yaxınlığındakı internet kafelər şagirdlərin davamiyyətinə təsir göstərir
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) “Xüsusi hallar və həssas qruplarla iş: qarşılıqlı fəaliyyətin tənzimlənməsi və səmərəli əməkdaşlıq” mövzusunda dəyirmi masa keçirib.
APA TV-nin məlumatına görə, tədbirdə çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev son illərdə məktəbli uşaqlarla əlaqədar baş verən xüsusi hallarla bağlı məsələlərə və həssas qruplarla işə diqqətin artırıldığını və daha konkret yanaşma müşahidə olunduğunu söyləyib.
O bildirib ki, 2019-cu ildə Təhsil Nazirliyi tərəfindən xüsusi hallarla bağlı “Qaynar xətt” xidməti istifadəyə verilib: "Valideynlərin, məktəb rəhbərlərinin, həmçinin geniş ictimaiyyətin diqqətinin bu məsələyə cəlb edilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən cari dərs ilindən “Mənimlə danış” sosial kampaniyasına start verilib və maarifləndirici videoçarxlar ictimaiyyətə təqdim edilib".
Rəşad Tağıyev bildirib ki, dəyirmi masa aidiyyəti qurumlarla mövcud vəziyyəti müzakirə etmək, qarşılıqlı əməkdaşlıq imkanlarına bir daha nəzər salmaq və daha səmərəli işçi platformanın yaradılmasına nail olmaq məqsədlərinə xidmət edir. Məktəblərdə həssas qrupa daxil edilmə ehtimalı olan şagirdlərin müəyyənləşdirilməsi üçün zəruri işlər görüldüyünü deyən R.Tağıyev eyni zamanda həmin şagirdlərin hər biri üçün valideynlərin iştirakı ilə fərdi pedaqoji-psixoloji bərpa planının həyata keçirildiyini də qeyd edib: "Cəmiyyət olaraq hər bir uşağın həyat tərzi, təhsilə münasibəti, olduğu mühit bizim üçün aktualdır. Hər bir istiqamət üzrə uşaqları nəzarətdə saxlamaq ehtiyac olduğu təqdirdə, profilaktik tədbirlərə və vaxtında müdaxilə etməyə imkan verir".
Rəşad Tağıyev bildirib ki, məktəblərin yaxınlığında yerləşən internet kafelərin şagirdlərin davamiyyətinə təsir göstərməsi halları mövcuddur. Onun sözlərinə görə, bununla bağlı aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq edilir. “Bundan başqa, tütün məmulatları və alkoqollu içkilərin satıldığı ticarət obyektləri ilə bağlı bizə məlumatlar daxil olduqda yerli icra hakimiyyəti orqanlarına və Daxili İşlər Nazirliyinin yerli rayon polis idarələrinə müraciət olunur və lazımi ölçü götürülür. İnternet klublarla da bağlı rayon polis idarələri ilə əməkdaşlığımız mövcuddur, müvafiq reydlər aparılır. Əgər belə hallar aşkarlanarsa, şagirdlər və onların valideynləri ilə profilaktik-maarifləndirici işlər aparılır. Qeyd edim ki, Nərimanov rayonunda belə bir hal baş verib və nəticədə məktəbin yaxınlığındakı iaşə obyektində qeyd olunan məmulatların satışı dayandırılıb”, - deyə R. Tağıyev qeyd edib.
Daha sonra “Mənimlə danış” sosial kampaniyası çərçivəsində hazırlanmış maarifləndirici videoçarxlar və BŞTİ-nin xüsusi hallara dair təqdimatı nümayiş olunub.
Tədbirdə həmçinin xüsusi hallarda daha çevik əməkdaşlıqla bağlı müvafiq təkliflər irəli sürülüb, qarşılıqlı maraq doğuran məsələlərə aydınlıq gətirilib.
Mir Çingiz Ağazadə,
Faiq Həsənov,
APA TV