Bu çığırtma plov iki günə bişirilir

 Süfrələrimizdə elə yeməklər var ki, 10 – 15 dəqiqəyə, bir saata hazır olur. Elə yeməklər də var ki, onu hazırlamaq bir neçə saatımızı hətta günümüzü alır. Lənkəran “çığırtmasının” hazırlanması isə iki günə başa gəlir. Birinci gün üçün bizə soğan, toyuq əti, kərə yağı və müxtəlif ədviyyatlar lazım olur. İlk olaraq toyuq yuyulur, doğranılır və qaynadılır. Qaynadılarkən üzərinə bir qədər sarıkök əlavə etsəniz ət daha dadlı olar. Digər tərəfdə isə soğan aypara şəklində doğranılır və kərə yağında qızardılır. İkinci gün isə dünən qaynatdığımız toyuq ətini çığırtmanı hazırlayacağımız qabda yağda qovururuq. Bir qədər qızardıqdan sonra əvvəlki gün qızardılan soğanların bir hissəsini əlavə edirik. Digər hissəsi yumurta ilə qarışdırılır. Bu da yumurtanın köpməsinə və dadına təsir edir. Qızardılan ədviyyatların üzərinə duz, sarıkök, zəfəran, darçın, abqora və alça turşusu əlavə olunur. Sarımtıl rəng alana kimi qarışdırılır. Sonra, qızardılan soğan və yumurta qarışığı toyuq ətinin üzərinə əlavə edilir. Bişmək üçün üstü kömürlə bağlanır. Çığırtma bişənə kimi xanımlar plovu hazırlayırlar. Öncə qazmaq üçün qazan dibi hazırlanır. Sonra süzülmüş düyü qazana tökülüb, dəmə qoyulur. Bir saat yarım gözlədikdən sonra plov da hazır olur. Nuş olsun. İlkin Rzayev, Rövşən Almazoğlu, APA TV

Müəllif | Apa.Tv
Apa.tv