Bu dəfə 700 balı Xırdalan məktəbinin məzunu topladı

Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələrini elan edib.

 

APA TV-nin məlumatına görə, imtahanda I ixtisas qrupu üzrə ən yüksək, yəni 400 balı Abşeron rayonu Xırdalan şəhəri, 1 nömrəli tam orta məktəbin məzunu Hüseyn Abdullayev toplayıb.

 

O, hər iki mərhələnin cəminə görə maksimal olan 700 balı toplaya bilib: “Bu uğuru qazanmaqda ən böyük təsirlərdən biri sağlam rəqabət oldu. İstər yarışlarda, istər sınaq imtahanlarında bir-birimizlə rəqabət aparırdıq, bunun nəticəsində təkmilləşə-təkmilləşə bu balımızı qazana bildik. 300 bal toplayandan sonra 400 bal toplayacağıma əminliyim daha da artmışdı, Dövlət İmtahan Mərkəzi tərəfindən 16 fevralda keçirilmiş, sınaq imtahanında da 400 bal toplamışdım. buna görə də mənim öz güvənim artırdı”.

 

Hüseyn Abdullayev  “Əlaçı” televiziya verilişinin 9-cu mövsümünün respublika çempionu, “Xəmsə” verilişinin isə iştirakçısı olub. Bundan başqa, bu il fizika üzrə keçirilən respublika fənn olimpiadasının yarımfinalçısıdır.

 

Onun ən böyük arzusu Bakı Ali Neft Məktəbinə qəbul olmaqdır: “700 balı toplamağıma əsas səbəblərdən biridə odur ki, mən düşünürəm ki, Bakı Ali Neft məktəbinə hazırlaşmağım oldu. Çünki, burada seçmək istədiyim ixtisas informasiya təhlükəsizliyidir ki, bu ixtisas üzrə ən yüksən baldır. Fərz edək ki, bu ixtisas üzrə keçən il keçid balı 675 dən yuxarı olub. Məndə tam 700 bal topalayaraq bu imkanı özümə yaratmaq istəyirdim ki, bu da mənim həmin balı toplamağıma şərait yaratdı”.

 

Hüseynin qəbul imtahanında ən yüksək nəticə göstərməsinə sevinənlərdən biridə sinif rəhbəri Elnurə Yusifovadır. Onun sözlərinə görə, şagirdi bir gün olsun dərsə davamiyyətini itirməyib: “Birinci elə mən cavablar çıxan kimi, Hüseynə yazdım ki, neçə bal? Yazdı ki, 400. Çox sevindim. statusda paylaşdım və tez direktora da yazdım. Biz çox sevindik. Bundan qabaqda Hüseyn əlaçı verilişinin qalibi olub. Təhsil nazirliyi tərəfindən mükafatlandırılıb. 700 balı Hüseyndən gözləyirdik”.

 

I ixtisas qrupu üzrə ən yüksək nəticəni göstərən Hüseyn Abdullayev öz təhsil aldığı məktəbin rəhbərliyi tərəfindən də Fəxri Fərmanla təltif olunub.

 

Ramil Zeynallı,

Əli Əliyev,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv