Bu ərəb ölkəsi Azərbaycana ilk dəfə qadın səfir göndərdi - PREZİDENT QƏBUL ETDİ
Prezident İlham Əliyev dekabrın 25-də Əlcəzairin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Salima Abdelhakın etimadnaməsini qəbul edib.
APA TV-nin məlumatına görə, fəxri qarovul dəstəsinin qarşısından keçən xanım diplomat etimadnaməsini Azərbaycan Prezidentinə təqdim edib.
Əlcəzairin ölkəmizdə ilk qadın səfiri olduğunu deyən Salima Abdelhak Bakının əsrarəngiz gözəlliyini qeyd edib və Azərbaycandakı inkişaf prosesinin onda dərin təəssürat doğurduğunu, paytaxtımızda və digər şəhərlərdə mühüm beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkil olunduğundan xəbərdar olduğunu vurğulayıb.
Əlcəzairin ölkəmizdə ilk qadın səfiri olaraq Azərbaycanın 1-ci vitse-prezidenti Mehriban Əliyevanın bütün uğurlu proseslərdə fəaliyyətindən fəxr hissi keçirdiyini vurğulayıb.
Dekabrın 25-də İsrailin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Corc Dik də etimadnaməsini dövlət başçısına təqdim edib.
Fəxri qarovul dəstəsinin qarşısından keçən diplomatla Prezident İlham Əliyev söhbət edib.
Corc Dik ölkəmizdə diplomatik fəaliyyətə başlamasından məmnunluq ifadə edib və Azərbaycandakı multikultural və tolerant mühiti nümunə adlandırıb.
Prezident İlham Əliyev dinlərarası dialoqun inkişafı yolunda Azərbaycanın beynəlxalq müstəvidə böyük səylər göstərdiyini və uğurlu addımlar atdığını bildirərək, bunun dünya birliyi tərəfindən yüksək qiymətləndirildiyini, müxtəlif din və millət nümayəndələrinin dinc və mehriban şəraitdə yaşadığını qeyd edib.
Görüşdə iqtisadi, ticarət, turizm, humanitar, kənd təsərrüfatı sahələrində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.