Bu gün Azərbaycanın Milli Qəhrəmanı Etibar İsmayılovun şəhid olduğu gündür
Etibar Bəylər oğlu İsmayılov 29 mart 1964-cü ildə Ağcabədi rayonunun Hindarx kəndində anadan olub. 10 uşaqlı ailədə böyüyən Etibarın atası 2-ci dünya müharibəsi iştirakçısı olub. 6 qardaşdan beşincisi Etibar İsmayılov 1990-cı ildə könüllü olaraq müdafiə batalyonlarından birində Birinci Qarabağ müharibəsində bir sıra döyüşlərdə igidliklər göstərib.
Ümummilli Lider Heydər Əliyevin şəxsən hazırladığı, Azərbaycan Ordusunun əsgərlərinin dekabrın 28-i axşam başladığı hücum əməliyyatı ilk olaraq Beyləqandan başlayıb. Həmin əməliyyata sağ və sol cinahdan digər könüllü batalyonlarda qoşulub. Bu Azərbaycan ordusunun birinci Qarabağ müharibəsi zamanı əldə saxlanılan ilk və yeganə zəfəri olub. Hər gün 4-5 yaşayış məntəqəsi və Haramı düzü adlanan ərazidən minlərlə hektar torpaq sahəsi ermənilərdən geri qaytarılıb. 1994-cü il yanvarın 4-də Xocavənd rayonunun Nərgiz təpə və Ceyil yüksəkliyi istiqamətindəki əməliyyata isə Etibar İsmayılov öz silahdaşları ilə öncülük edirdi. Elə həmin döyüş də onun son döyüşü olub. Mühasirəyə düşən dostlarını xilas etmək üçün əlindəki sonuncu qumbaranı sinəsinə sıxaraq özünü düşmən tankının altına atır və onu ekipajla birlikdə məhv edir.
Özünün ölümü ilə döyüşçü yoldaşlarının mühasirənin yarıb xilas olmasına səbəb olub. Milli lider Heydər Əliyevin bu qəhrəmanlıqdan həmin gün xəbər tutur və səhəri gün 5 yanvar 1994-cü il tarixli ilk Fərmanı ilə Etibar Bəylər oğlu İsmayılovu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görür.