“Bu gün mərd oğulların günüdür” - II FƏXRİ XİYABANDA BAYRAQ GÜNÜ İZDİHAMI
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Bu münasibətlə Fəxri Xiyabana ziyarətçi axını davam edir. Şəhidlərimizin xatirəsi anılır. Ziyarətçilər sırasında sadə vətəndaşlarla yanaşı, qazilərimiz, müharibə veteranları ilə rastlaşırıq. Elə ilk müsahibimiz də onlardı.
İctimai Birlik sədri Bəhram Şeydayev deyir ki, bu gün ən müqəddəs bayramlarından biridir: “Bu gün Azərbaycan xalqının ən müqəddəs bayramlarından biridir. 30 il həsrətində olduğumuz Qarabağ torpaqları qaytarıldı, Azərbaycan xalqı qalib xalq kimi özünü dünyaya bir daha tanıtdı. Bu sevinci bizə bəxş edən cənab Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşən silahlı qüvvələrin şəxsi heyətləri, əsgər və zabitlərimiz və bizim Azərbaycan xalqı oldu”.
Ordumuzun zabiti Vasif Hidayətov isə hər kəsi bu gün münasibətilə təbrik edir: “Bayraq günü münasibəti ilə xalqımızı təbrik edirəm. 1990-cı il noyabrın 17-də Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayraq Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul edilib. Bu gün şəhidlərimizi qürurla ziyarət edirik. Torpaqlarımız azaddır. Həm Birinci, həm də İkinci Qarabağ döyüşlərinin iştirakçısı olmuş zabit kimi qürurluyam. Ali Baş Komandanımızla fəxr edirəm”.
Qarabağ qazisi Orxan Batıyev isə deyir ki, Vətənin azad olunmasında azda olsa xidmətim olubsa nə xoşbəxt mənə: “İlk Füzuli döyüşlərindən başlayıb, Şuşanın azad olunmasına kimi iştirak etmişəm. Döyüşlərdə yaralanmışam. Əgər bu gün bir də olsa, Ali Baş Komandanın əmri ilə Vətənin müdafiəsinə hazıram” .
Cəbrayıl, Füzuli, Xocavənd istiqamətlərindəki döyüşlərin iştirakçısı olan Anar Sultanzadə də qürurludur.
Qarabağ qazisi Elşən Hüseynov da Vətən Müharibəsinin iştirakçısıdır: “Füzuli, Cəbrayıl, Şuşa istiqamətində gedən döyüşlərin iştirakçısıyam. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Məhz onların qəhrəmanlığı və şücaəti ilə torpaqlarımız azad olundu”.
Şəhid atası Aydın Nəcəfov da ziyarətçilər arasındadır: “Qızım xoş gördük. Bu gün mərd oğulların günüdür. Vüqarın məzarı başındayam. Bütün şəhidlərimizə salam olsun”.
Sevinc Vaqifqızı,
Üzeyir Ağayev,
APA TV