Bu gün saat 19:23-də astronomik hadisə baş verəcək
Avqustun 30-dan 31-nə keçən gecə 2023-cü ilin ikinci Super Ay hadisəsi müşahidə olunacaq. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, Super Ay hadisəsini Azərbaycan ərazisində saat 19:23-dən başlayaraq bütün gecə ərzində müşahidə etmək olar. BDU-nun astrofizika kafedrasının dosenti Xıdır Mikayılov bildirdi ki, Ay Yer ətrafında elliptik orbit üzrə hərəkət etdiyindən Ayın Yerdən məsafəsi stabil qalmır. Günəşin və planetlərin cazibə sahələrinin təsiri nəticəsində məsafələri periodik olaraq dəyişir. Bəs Super Ay hadisəsinin insan taleyinə təsiri varmı? Xıdır Mikayılov deyir ki, Super Ay daşqınlar, zəlzələlər, vulkan püskürmələri və sunamilər kimi təbiət hadisələrinə səbəb olmur. Mütəxəssis qeyd etdi ki, Super Ay adi Tam Aydan bir qədər böyük və parlaq göründüyü üçün insanları gecə səmasını öyrənməyə ruhlandırır və astronomiyanı daha da maraqlı edir. Aygün Carçıyeva, APA TV