Bu gün Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılmasından bir il keçir

22 iyun 2021-ci ildə Prezident İlham Əliyevin fərmanı ilə yaradılan Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi digər dövlət qurumları ilə birgə mədəniyyət paytaxtımızın dirçəlməsi, tarixi abidələrimizin yenidən bərpa edilməsi istiqamətində Prezidentin uğurlu siyasətini dəstəkləyərək verdiyi tapşırıqları reallaşdırır.

Qoruq tərəfindən icra olunmuş mühüm layihələrdən biri Şuşalıların, şəhid ailələrinin və qazilərin doğma Şuşa şəhərinə ziyarətlərinin təşkil edilməsidir. İlk öncə yaşlı Şuşalılar, qazilər və şəhid ailələri illərdir həsrətində olduqları Şuşaya qovuşub. 700-ə yaxın Şuşa sakini ötən ilin yay-payız aylarında avtobuslarla müxtəlif zamanlarda Şuşanı ziyarət ediblər. Həmçinin hesabat dövrü ərzində ŞŞDQİ tərəfindən şəhid ailələri üçün Şuşa şəhərində iftar süfrəsi, şəhid övladlarının iştirakı ilə “Mənim atam qəhrəmandır” adlı layihələr həyata keçirilib.

Şəhərdə ilk rəmzi dəyişiklik “ŞUŞA” yazısının həm şəhərin giriş hissəsində, həm də Şuşa qalasının üzərində bərpası ilə başladı. Azərbaycan memarlığının ən gözəl incilərindən biri Şuşa qalası 22 mütəxəssisin köməyi ilə bərpa olundu.

Şuşa şəhərinin əsas simvollarından sayılan min bir dərdin dərmanı İsa bulağı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən tam bərpa edilib. Bulağın özü mərmərdən hazırlanıb, İsa bulağı sözü isə milli ornamentlə yazılıb və bulağın su təminatı da tam bərpa olunub.

Mənfur düşmənin qurutduğu Xurşidbanu Natəvanın təşəbbüsü ilə Şuşaya çəkilən “Xan qızı” bulağının şəfalı suyu da yenidən istifadəyə verilib.

Bir zamanlar Şuşanın gözəlliyinə xüsusi çalar qatan, işğal müddətində vəhşicəsinə dağıdılmış Vaqifin büstü və görkəmli bəstəkar Üzeyir Hacıbəyovun heykəli Heydər Əliyev Fondu tərəfindən bərpa olunub və Şuşa Şəhəri Dövlət Qoruğu idarəsinə ianə edilib.

Azərbaycan peşəkar vokal sənətinin banisi Bülülün ev muzeyi tarixi abidə statusuna malik, əsl simasını itirməməsi üçün zərgər dəqiqliyi ilə işğaldan öncəki vəziyyətinə uyğunlaşdırılıb.

Şuşanı  multikultural irsinin ayrılmaz bir hissəsi olan 3 məscid – Yuxarı və Aşağı Gövhərağa və Saatlı məscidləri Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa edilməkdədir..

Şirin su hamamının, Kərim bəy Mehmandarovun, tarzən Sadıqcanın və Məşədi Əlinin tarixi binalarının bərpası isə hazırda Şuşa davam etdirilir.

Şuşa şəhərinin “Baş Plan”ı hazırlanarkən onun tarixi əzəmətinin qorunması əsas götürülüb. Mədəniyyət paytaxtında həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulacaq və tezliklə keçmişdə olduğu kimi Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək.

Təqdim olunan “Baş Plan”a əsasən Şuşada orta, yüksək və qarışıq sıxlıqlı olan yaşayış binalarının inşa edilməsinin, şəhər mərkəzinin, yeni tikiləcək və qorunub saxlanılacaq tarixi binalar və abidələrin yerləri də öz əksini tapıb.

Müəllif | Apa.Tv
Apa.tv