Bu gündən bağçalara elektron qəbul başladı - QAYDALAR

Bu gün saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu prosesinə start verilib.

 

APA TV xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin Ümumtəhsil şöbəsinin məktəbəqədər təhsil sektorunun müdiri İlahə Rəsulova deyib: “Proses 14 sentyabr tarixinədək davam edəcək. Uşaqların qəbulu “Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi” ( www.bq.edu.az vasitəsilə ) həyata keçiriləcək. Belə ki, valideynlər sistem üzərində qeyd edilən tarix və saatdan etibarən elektron kabinet yaratmaq imkanı əldə edəcəklər. İyulun 22-dən Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan şəhər və rayonlar üzrə (Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax, Zərdab), iyulun 26-dan Bakı şəhəri, avqustun 2-dən isə ölkə üzrə bütün valideynlər uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbulu ilə bağlı növbəyə yazıla biləcəklər”.

 

İlahə Rəsulova bağça direktorlarının təyini ilə bağlı qiymətləndirmə çərçivəsi hazırlanması məsələsinə də diqqət çəkib. Onun sözlərinə görə, bununla bağlı ictimaiyyətə məlumat veriləcək.

 

Nazirlik rəsmisi qeyd edib ki, bağçalara mərkəzləşmiş qaydada işə qəbulla bağlı da işlər görülür. O bildirib ki, qiymətləndirmə çərçivəsi artıq təsdiq olunub.

 

"İşlər hələ yekunlaşmayıb. Ona görə də imtahan vaxtı hələlik müəyyənləşməyib. Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək", - deyə İlahə Rəsulova bildirib.

 

SEVİNC VAQİFQIZI,

ZİYA ALLAHYAROV,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv