“Bu hadisələrin qarşısını almaq üçün antiterror tədbirlərinin keçirilməsi zəruridir”

 19 sentyabr 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində minaya düşərək həyatını itirən DİN-in 4 əməkdaşı ilə bağlı Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq birgə məlumat yayıb. Bildirilib ki, Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənddən keçən hissəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yerə hərəkət edərkən DİN əməkdaşları da qanunsuz erməni silahlılarının yerləşdirdikləri minaya düşüblər. Terror aktları zamanı 2 mülki və 4 polis əməkdaşı ölüb. Qeyd olunub ki, faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin maddələri ilə cinayət işi başlanıb. Deputat Arzu Nağıyev bildirib ki, dəfələrlə Ermənistana və deynəlxalq təşkilatlara minalarla bağlı müraciət edilib, ancaq verilən xəritələr dəqiq olmayıb, üstəlik bölgədə əlavə minalar basdırılıb. Deputat onu da əlavə edib ki, bu hadisələrin qarşısını almaq üçün antiterror tədbirlərinin keçirilməsi zərurəti yarandı. Azərbaycan vətəndaşlarına qarşı törədilən terror aktları heç bir halda cəzasız qala bilməz. Bunu isə hərbi ekspert Ədalət Verdiyev deyib. O əlavə edib ki, bölgədə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti üzərinə düşən öhtəliyi yerinə yetirmir. Ədalət Verdiyev onu da əlavə edib ki, mülki işçilərin və polislərin yaxın ərazidə minaya düşməsi erməni silahlılarının Azərbaycan ərazilərində kifayət qədər geniş miqyasda kəşfiyyat diversiya fəaliyyətlərini həyata keçirdiyini əyani şəkildə sübut edir. Fuad Sadıqov APA TV

Müəllif | Apa.Tv
Apa.tv