17:49 24 noyabr 2022 265
Ana səhifə Xəbərlər

Bu heyvanı saxlamaq çox xərc tələb etmir, amma birini üç minə sata bilərsiniz - APA TV

Bu heyvanı saxlamaq çox xərc tələb etmir, amma birini üç minə sata bilərsiniz “Azərbaycanın bir çox rayonlarında dəvəçilik təsərrüfatları mövcuddur. Belə təsərrüfatlardan biri də Sabirabad rayonunun Kovlar kəndi ərazisində yerləşir.” Sabirabadda yerləşən fermer təsərrüfatında bölgə üçün ənənəvi olmayan dəvələr yetişdirilir. Hazırda fermer təsərrüfatında 13 baş ikihürgüclü dəvə saxlanılır. 20 ilə yaxındı dəvəçilik təsərrüfatında çobanlıq edən Füzuli Mustafayev deyir ki, dəvəçilik təsərrüfatının artırılması və inkişaf etdirilməsi o qədər də çətin deyil. Çünki bu heyvan ən ucqar quraq və şoran torpağında da dəvələr yem sarıdan korluq çəkmir. Birhürgüclü dəvələrdən fərqlənən nadir ikihürgüclü dəvələrin bir çox üstünlükləri var. İkihürgüclü dəvələr istiyə ən dözümlü heyvan sayılır. Yaşlı dəvə gündə 25-30 litr su içir. Amma onlar yeganə canlıdır ki, 10-12 gün susuz, günlərlə ac qala bilirlər. Müsahibimizin sözlərinə görə, bu heyvanın bircə mənfi xüsusiyyəti var o da kin tutmasıdır. Orta hesabla hər dəvədən ildə 8-10 kq qiymətli zərif yun götürmək mümkündür. Adi otlaq şəraitində bəslənən 4-5 yaşlı dəvə orta hesabla 450-500 kiloqram ət verir. Dəvə əti tərkibinə görə iribuynuzluların ətindən zəngindir. Dəvə ətinin digər müsbət cəhəti ondan ibarətdir ki, bu heyvan qocaldıqda belə əti yumşaq olur. Onun ətindən mətbəxdə küftə, kotlet və qutab hazırlamaq mümkündür. Dəvə ətindən hazırlanan qutab isə adla tanınır. Füzuli Mustafayev ona tez-tez dəvə südü üçün müraciətlər olduğunu deyir. O qeyd edir ki, dəvə südü xalq təbabətində göy öskürək, boğaz ağrısı, mədə-bağırsaq və vərəm xəstəliyinin müalicəsində əvəzolunmaz vasitə hesab olunur. Füzuli Mustafayev deyir ki, dəvələrdə inkişaf və böyümə digər ev heyvanları ilə müqayisədə çox sürətli olur. İki ildən bir doğan ana dəvə ömrü boyu 15-20 bala verir. Müsahibimiz onu da bildirdi ki, dəvələrin qiyməti çəkisindən asılı olaraq 2500-3000 manat arasında dəyişir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın