Bu il Azərbaycan sahibkarlarının beynəlxalq sərgilərdə iştirakı nəzərdə tutulur
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) fəaliyyəti, “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində görülən işlər və qarşıda duran vəzifələrə dair onlayn formatda mətbuat konfransı keçirilib.
APA TV-nin xəbərinə görə, AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev qeyd edib ki, ötən il ərzində Azərbaycan şirkətləri Almaniyada “Beynəlxalq Yaşıl Həftə 2020”, Rusiyada “Prodexpo 2020” və “WorldFood Moscow 2020”, BƏƏ-də “Gulfood 2020” və Çində “3-cü Çin Beynəlxalq İdxal” sərgilərində iştirak edib, Azərbaycan məhsulları “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunub.
2021-ci ildə də Azərbaycan sahibkarlarının beynəlxalq sərgilərdə iştirakı nəzərdə tutulur.
Məlumat verilib ki, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə indiyədək Azərbaycan şirkətlərinin xarici ölkələrə 33 ixrac missiyası təşkil olunub, məhsullarımız 33 beynəlxalq sərgidə vahid ölkə stendində təqdim edilib.
2020-ci ildə ixrac təşviqinin ödənilməsi ilə bağlı daxil olan müraciətlər əsasında 97 sahibkarlıq subyektinə 9,6 milyon manatdan çox ixrac təşviqi ödənilib.
Yusif Abdullayevin sözlərinə görə, Beynəlxalq Maliyyə Korporasiyası ilə birgə “Birbaşa xarici investisiyaların təşviqinə dair 2021-2025-ci illər üçün Strategiya” hazırlanır və strategiyada investorlara xüsusi fərdi xidmətlərin göstərilməsi nəzərdə tutulur.