Bu il də çimərliklərdəki vəziyyəti öyrənmək üçün cimerlik.az portalı fəaliyyət göstərəcək
Çimərlik mövsümü ilə əlaqədar Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakı şəhərinin sahil kənarı ərazilərində yaradılan ictimai çimərliklərdə mövsümə hazırlıq işləri başa çatıb.
2 il ərzində Abşeron yarımadasının Sahil, Buzovna, Novxanı, Görədil və Pirşağı qəsəbələrində, Səbail rayonunda, “Şıx” çimərlik ərazisində ümumilikdə 6 yerdə fəaliyyət göstərən ictimai çimərliklər şəhər sakinlərinin Leyla Əliyevaya müraciətlərindən sonra paytaxtın dənizkənarı ərazilərində mövcud özəl istirahət mərkəzlərinə və çimərliklərə alternativ olaraq yaradılıb.
Burada yaradılan şərait və ən başlıcası pulsuz xidmət göstərilməsi Bakı sakinləri və şəhər qonaqlarının böyük rəğbətini qazanıb. Çimərlik mövsümü ərəfəsində ictimai çimərliklərdə lazımi təmizlik-abadlıq işləri aparılıb, qış ərzində dəniz sahilinə yığılan tullantılar, həmçinin dalğaların sahilə atdığı müxtəlif əşyalar yığışdırılıb, digər təmizlik işləri görülüb. Çimərliklərdəki inventarlar, günlüklər, söhbətgahlar, sanitariya qovşaqları və duşlar mütəmadi olaraq yoxlanılır, qaydaya salınır, cari təmir işləri, bir sıra yerlərin rənglənməsi aparılır.
COVID-19 pandemiyasının davam etməsi ilə əlaqədar vətəndaşların sağlamlıqlarının qorunması məqsədi ilə çimərliklərdə mövcud epidemioloji vəziyyətə uyğun tədbirlər nəzərdə tutulub. Çimərlik ərazilərində maarifləndirici lövhələr, poster və elanlar yenilənir.
BŞİH-nin şöbə müdiri Elmin İmanov deyir ki, bu il də çimərliklərdəki vəziyyəti öyrənmək üçün cimerlik.az portalı fəaliyyət göstərəcək: “Çimərliklərə üz tutan sakinlər ötən il olduğu kimi, portala daxil olaraq çimərliklərin siyahısı, doluluq səviyyəsi, infrastruktur və şərait, ünvan və yerləşmə yeri və s. məlumatları əldə edə biləcəklər. Pandemiya ilə bağlı ümumi vəziyyətdə dəyişiklik olarsa, çimərliklərə mövcud karantin qaydalarında nəzərdə tutulmuş saydan daha çox vətəndaş buraxılması da nəzərdə tutulur”.
Dəniz mövsümünün vazkeçilməzi olan skuterlər də artıq istirahət mövsümünə hazırdır. Çimərliklərdə Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqələri, həmçinin tibb məntəqələri təşkil olunub. Paytaxtda çimərlik mövsümünün başlanmasının vaxtının təyin edilməsi və burada istirahət qaydaları Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və təlimatları əsasında həyata keçirilir.
Sevinc Vaqifqızı,
Üzeyir Ağayev,
APA TV