Bu il pambığın məhsuldarlığı niyə azalıb?

Yay aylarında havaların isti və quraqlıq keçməsi pambığın inkişafına mənfi təsir göstərib.

 

APA TV-nin yerli bürosu məlumat verir ki, son günlər isə məhsul yığımı dövründə havaların yağmurlu keçməsi fermerlərin ili zərərlə başa vurmağına səbəb olacaq. Fermerlər deyirlər ki, yığım dekabrın birinci yarısınadək davam edə bilər ki, bu da məhsuldarlığın aşağı düşməyi ilə yanaşı, həm də pambığın keyfiyyətini də aşağı salacaq.  

 

Fermer Cəlil Bağırov deyir ki, bu il pambıq gec yetişdi: “20 gün soyuqlar tez düşdü. Keçən ilkindən bu illəri fərqlidir. 20 gün hava ilə əlaqəli gec yığılır. Keçən il bir hektar qırx sotdan yeddi ton altı yüz kilo vermişdim. Bu il yəqin ki, 9-10 ton çıxar”.
 

Fermer Vasif Şahverənov isə bu il  beş hektar pambıq əkdiyini deyir: ”Bu il quraqlıq ili olduğu üçün məhsuldarlıq bir qədər zəif olub. 25-30 sentner hər hektarda məhsul götürmüşük.  Əvvəllər hər iki ildən bir çiyidin sortu dəyişdirilirdi. Amma 6-7 ildir həmən çiyidi təkrarən torpağa səpirik. Mən belə nəzərdə tuturam ki, çiyidin sortunun dəyişdirilməməsi bu il məhsuldarlığa təsir eləyib. Keçən il 44 günlük müharibə ilə əlaqədar 30-35 sentner məhsul götürmüşdük. Müharibənin o çətin vəziyyətində 30-35 sentner məsul götürmüşdük”.
 

Mütəxəssislər hesab edirlər ki, pambığın becərilməyində ənənəvi əkin qaydalarından başqa həmdə müasir inovatif qaydalarla, bioloji kökdən kənar yemləmə üsullarından istifadə etmək lazımdır. Dövlətin dəstəyi ilə ölkəyə gətirilən bəzi dərman preparatlarının heç bir mənfi təsiri yoxdur. Əksinə inkişaf dövrünü sürətləndirir, məhsuldarlığı artırır.

 

Aqranom, mütəxəssis Damət Sultanov deyir ki, yeni preparatının tətbiqi isə çiçəyin artırılması və eyni zamanda barvermə orqanlarının bərpasına xidmət edir: ”Bitkinin aktiv inkişaf dövründə maksimal mineral gübrələrlə və mineral maddələrlə təminatı, biostimulator universal preparatının əsas funksiyası ondan ibarətdir ki, bitkinin xarici mühit amillərinə yəni pambıq bitkisinin xarici vitaminlərdə davamlılığını artsın, eyni zamanda istilikdən və susuzluq şəraitindən qorunmasına xidmət etsin”.


Mütəxəssislər hesab edir ki, əslində pambıqçılıqda məhsuldarlığı artıran əsas amillərdən biri də çiyid subyektidir. Əkin vaxtı, fermer mütəxəssislərə müraciət edib rayonlaşdırılmış yüksək məhsuldar pambıq çiyidi səpsə, ilin sonunda məhsul yığımı vaxtı əli boşda qalmaz.

 

Qeyd edək ki, pambıqçılıq Azərbaycanda qeyri-neft iqtisadiyyatının inkişafının əsas istiqamətlərindən biri kimi müəyyən edilib və son illər dövlət bu sahəyə ciddi diqqət yetirməyə başlayıb. Pambıqçılığın inkişafı eyni zamanda bölgələrdə əhalinin məşğulluq səviyyəsinin artırılması üçün də mühüm əhəmiyyət kəsb edir.

 

Habil Aslanoğlu

Ziya İsmayılov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv