Bu kənddə 3 ailə qalır

Şəhərdən uzaqda, başı qarlı dağların ətəyində, meşələr və dağlarla əhatələnmiş ərazidə bir kənd yerləşir. Və burada o qədər sakitlikdir ki, təbiətdəki ən xırda səsi belə asanlıqla duya bilirsən.

Söhbət Daşkəsən rayonun Gəlinqaya kəndindən gedir. Eşidəndə ki, 10 evdən ibarət kənddə cəmi 3 ailə yaşayır bunu sizə də göstərmək üçün yollandıq Gəlinqaya kəndinə. Bura çatanda özümüzü bir anlıq nağıllarda hiss etdik.

Gəlinqaya kəndi rayon mərkəzindən 30 km uzaqda yerləşir. 3 ailənin məskunlaşdığı kənd bir tərəfdən Gədəbəy, digər tərəfdən isə Göyçə mahalı ilə həmsərhəddir. Gözəl füsunkar təbiətə malik olan kəndin yayı çox səfalıdır. Bu yerlərə qış isə vaxtından tez gəlir, görünən dağların başındakı qarın soyuğu üşüdür insanı. Kənddəki evlərin  damlarından sobalar tüstüləyir, kəndlilər öz qayğıları ilə məşğuldur. Bir sözlə  sakinlər artıq  bu yerlərin soyuğuna alışıb.

Sakitliyin hökm sürdüyü kənddə yaşayan digər ailələr məktəblərdə dərslərin başlaması ilə əlaqədar arana eniblər. Yəni kənddə məktəb olmasa da təhsil üçün qonşu kəndə gedən şagirdlərdən bir neçəsi kollecə və ali təhsil müəssisələrinə qəbul olub.

Noyabr ayı olsa da kəndin bağlarında hələ də dərilməmiş meyvələr var. Gəlinqaya sakinlərinin də əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır.

Sözü gedən kənd daimi elektrik enerjisi və su ilə də təmin edilib.

Qışı sakit və rəvan olsa da, yayı qələbəlik olur Gəlinqayanın. Yay aylarında qışlağa enən ailələrlə bərabər istirahət üçün üz tutanların da sayı-hesabı olmur.

 

Fuad Nazimoğlu Mehdi Məmmədov APA TV Daşkəsən

Müəllif | Apa.Tv
Apa.tv