18:26 23 noyabr 2022 246
Ana səhifə Xəbərlər

Bu kənddə bir damcı su tapılmır: Hamı köçmək istəyir - APA TV

Kürdəmir rayonunda su problemi yaranıb.

Rayonun Qarasu kənd sakinləri əkin sahələrini suvarmağa su tapmırlar. Kənddə içməli su ilə bağlı da çətinliklər çoxdur. Sakinlər hər ay içməli suya 30-40 manat xərcləməli olurlar.

Qarasuda təxminən 500-600 hektar pay torpağında taxıl və yonca əkilib. Camaat deyir ki, bu günə kimi 1 hektar sahə belə suvarılmayıb.

Kənd sakini Sərvər Vəliyev iddia edir ki, bu günə kimi suvarma suyunun verilməməsinin səbəbi icra hakimiyyətinin yerli nümayəndələri ilə bağlıdır. Həmin şəxslər vəzifələrindən istifadə edib, özlərinə məxsus qeyri-qanunu əkin sahələrini suvarırlar, nəticədə də digər sakinlərə su çatmır.

Kürdəmir rayon İcra Hakimiyyətinin Qarasu inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elimdar Zülfiqarov isə bu iddiaların doğru olmadığını deyib. O bildirib ki, kənddə suvarılmayan torpaqların olması doğrudur. Lakin nümayəndələrə məxsus torpaq sahələrinin suvarılması doğru deyil. Onun sözlərinə görə, özünə məxsus əkin sahəsi də hələ ki suvarılmayıb.

 

Məsələyə münasibət bildirən Kürdəmir Rayon Suvarma Sistemləri İdarəsinin bölmə rəisi Fazil Musayev bildirdi ki, adıçəkilən ərazidə suvarma suyu nasoslar vasitəsi ilə verilir. İşıqların gün ərzində 3-4 dəfə sönməsi səbəbindən suvarma suyunun intensiv şəkildə verilməsini təmin etmək mümkün olmur.

Kürdəmir Rayon Elektrik Şəbəkəsinin baş mühəndisi İxtiyar İmanov isə bu iddiaları əsassız adlandırdı. Onun sözlərinə görə, Qarasu kəndində enerji təchizatı yalnız fövqəladə vəziyyətlərdə dayandırıla bilər.

Gördüyünüz kimi... Su yoxdu, bunu hamı bilir. Amma “niyə yoxdu” sualına düz-əməlli cavab verən tapılmır. Verilən cavablar isə tez-bazar təkzib edilir. Bir kənddə suyun niyə qəhətə çıxdığını anlamayan səlahiyyətli şəxslər başqa nə işlə məşğuldurlar, bu da anlaşılmır. Sakinlərin isə ümidi Allaha qalıb, bəlkə leysan yağa, sel gələ...

 

Zahid Abışov, Devran Əsgərov, APA TV, Kürdəmir

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın