Bu kənddə camaat qapı-qapı gəzməkdən, qurumlarsa qapıların səsindən zara gəlib

Ağdaşın Yenicə kəndində camaat qurumların, qurumlar da camaatın əlindən təngə gəlib. Bu vəziyyətin yaranmasına səbəb sakinlərin mütəmadi şəkildə kəndin yolları ilə bağlı şikayət üçün qurumların qapısını döymələridir. Camaat boş ümidlərlə aldadılmaqdan yorulub, qurumlar da döyülən qapıların səsindən. İki minə yaxın əhalisi olan kəndin giriş hissəsində, eləcə də kənd daxili yollarda əvvəllər asfalt örtük olub. Vaxt ötdükcə yolda hərəkətdə olan iri tutumlu avtomobillər yolu yararsız hala salıb. Sakinlər deyir ki, xəstələri olanda çarəsiz qalırlar, nə bir təcili tibbi yardım maşını, nə bir taksi gəlir. Taksini kəndə sürdürmək sərvət hesabına başa gəlir. Xarab olmuş avtomobillərin təmiri isə başqa dərddir. Od tutub yanan avtomobil hissələri, hər gün bahalaşan taksi qiymətləri sakinləri zara gətirib. Kənd sakini olan taksi sürücüləri isə deyir ki, biz ustalarla şərik işləyirik. Azərbaycan Avtomobil Yolları Dövlət agentliyinə müraciət etdik. Agentlikdən bildirildi ki, yolun yenidən qurulması üçün maliyyə vəsaiti ayrılarsa bərpa işləri aparılacaq. Bu standart cavabdan sonra sakinlərin tək ümidi dua edib yollarına günəş doğacaq günü gözləməkdir.

İlham Əhmədov, Taleh İbrahimov, APA TV

Müəllif | Apa.Tv
Apa.tv