Bu kənddə evlər odun və gərmə ilə isidilir, yolları isə keçilməzdir

Qubanın maraqlı yaşayış məskənlərindən biri də Qrız kəndidir.

APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, yaşayış məntəqəsi Ağ dağın ətəyində, dəniz səviyyəsindən 2 min 200 metr yüksəklikdə, Qudyalçayın sahilində yerləşir.

Rayon mərkəzindən Qrız kəndinə getmək üçün Quba-Xınalıq avtomobil yolu ilə hərəkət etmək lazımdır. Yolun 37-ci kilometrliyindən Qrıza kənd yolu ayrılır.

Buradan Qrız kəndinə qədər olan təxminən 5 km yolu qət etmək olduqca çətindir. Bu yolu dağ yoluna davam gətirəcək avtomobillərlə getmək mümkün olur. Yerli sakinlər daha çox “Niva” və “UAZ” markalı avtomobillərə üstünlük verirlər. Bununla belə yolda rahat hərəkət üçün həmin maşınların təkərlərinə sürüşməyə qarşı zəncirlər bağlanılır. 

Qrız kəndi Azərbaycan ərazisində ən çox qar düşən yaşayış məntəqələrindəndir.

Bəzi yerlərdə yazın havası duyulsa da burda hələ də şaxtalı hava davam edir. Mart ayı olmasına baxmayaraq kənddə temperatur gecələr mənfi 10 dərəcəyədək aşağı enir. Qrız kəndində evlər əsasən odun və gərmə ilə qızdırılır. Kənd sakinləri bu il tədarük etdikləri gərməni növbəti il sobada yandırırlar.

Hazırda kənddə 40-a yaxın təsərrüfat var. Kənd sakinləri, əsasən heyvandarlıqla məşğul olur. Kəndin əhalisini qrızlar təşkil edir. Kəndin özünəməxsus dili də var. Qırız dili ləzgi dillər qrupunun Şahdağ yarımqrupuna aiddir.

Qrız kəndinə gələn turistlərin sayı son illər xeyli artıb. Xüsusilə əsrarəngiz dağlıq və təbiət mənzərələrini seyr etməyi sevən ekoturizm həvəskarları bura səyahət edir. Turist sayının çoxalması sakinlərin turizm istiqamətində də fəaliyyət göstərməyə marağını artırıb. Kənd sakinləri ehtiyacı olan turistlərə evlərini kirayə verir. Qrızda qidalanma da daxil olmaqla bir günlük ev kirayəsi turistlərə 30-40 manata başa gəlir.

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv