Bu kəndin 33 şəhidinin xatirəsi əbədiləşdirildi

Beyləqanın Dünyamalılar kəndi Birinci Qarabağ və Vətən müharibəsi zamanı 33 şəhid verib. Bu şəhidlər bu gün də hər kəsin qəlbində yaşayır. Bu gün isə kənddə 33 qəhrəmanın xatirəsinə abidə kompleksi tikilib. Açılış mərasimdə rayon icra hakimiyyətinin rəsmiləri, şəhidlərin ailə üzvləri, sakinlər və məktəblilər iştirak edib. 1992-ci ildən başlayaraq torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəmanların hamısına dərs deyən İsgəndər müəllim şagirdləri haqqında danışanda qürurdan gözlərinin dolduğunu deyir: “Bizim ilk şəhidimiz Ələmdar Rzayev, son şəhidimiz Həsənov İlqardır. Yəni, Birinci Qarabağ müharibəsindən başlamış axırıncı şəhidimizədək mən hamısına dərs demişəm. “Fərhad və Şirin” əsəri var idi. Orda Fərhad belə təqdim edirdi akademik Dadaşzadə deyir: Fərhad dağ gövdəli bir igiddir. Gözəl qaməti var, yaraşıqlı boyu olan bu gəncin həm də zəngin aləmi var. Bu gənclər Fərhada layiqdir, hər biri Fərhad qədər igiddir”.

 

Abidə kompleksi, kəndin mərkəzində ucaldılan Sovet İttifaqı qəhrəmanı Gəray Əsədovun abidəsi ətrafında inşa edilib. Şəhid ailələri belə bir abidənin açılışına görə, öz təşəkkürlərini bildiriblər.

 

Bəli, 44 günlük Vətən Müharibəsində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq, gələcək nəsillərə bir nümunə olacaq. Məhz onların döyüş əzmi və Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, düzgün qərarları sayəsində torpaqlarımız işğaldan azad olunub.

 

Habil Aslanoğlu, Ziya İsmayılov, APA TV

Müəllif | Apa.Tv
Apa.tv