Bu kəndin ərazisi zibil poliqonunu xatırladır

Lənkəranın Göyşaban kəndindəki bu ərazi təmizlənir, bir müddətdən sonra yenidən zibillənir. Nəticədə tullantılar yığılır, çoxalır və ərazi küçə itlərinin toplaşdığı məkana çevrilir.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, ərazini tullantı pavilyonuna çevirən də, təmizlənməsini istəyən də sakinlərdir.

 

Kənd sakinləri deyir ki, məişət tullantılarını atmaq üçün nə xüsusi bir yer ayrılıb, nə də qutular qoyulub. İnsanlar buranı zibilliyə çeviriblər və proses təkrarlanır, qarşısını almaq olmur.

 

Məsələ ilə bağlı Göyşaban kənd bələdiyyəsinə üz tutduq. Bələdiyyə sədri Abdulla Fəttayev müsahibə verməsə də, şifahi olaraq yaranmış vəziyyətə aydınlıq gətirdi. Onun sözlərinə görə, sözügedən ərazidə bir neçə dəfə abadlıq işləri görülüb. Lakin ətrafda yaşayan sakinlər tərəfindən həmin ərazi təkrar-təkrar zibillənir. Zibil qutularına gəlincə isə, sakinlər müqavilə bağlamır, aylıq rüsumu ödəmək istəmirlər. Daha əvvəl tullantıların ərazidən təmizlənməsi üçün müvafiq texnika ayrılsa da, 6-7 aydan sonra bu xidmət sakinlərin rüsumu ödəməməsi səbəbindən dayandırılıb. Onun sözlərinə görə, problemlərə baxmayaraq, yenidən orada təmizlik işləri görüləcək və problem aradan götürüləcək.

 

Tural Kərimov

Rövşən Əzimov

APA TV. Lənkəran

Müəllif | Apa.Tv
Apa.tv