Bu kəndin sakinləri qışda palçıq, yayda tozun əlindən yaşamağa macal tapmır
Ucar rayonunun Məlikballı kəndinin sakinləri yollarının bərbad vəziyyətdə olmasından şikayətçidirlər.
APA TV-nin yerli bürosunun xəbərinə görə, sakinlər deyir ki, yaz-yay aylarında sevinirik ki, palçıqdan canımız qurtarır. Payız-qış aylarında da sevinirik ki, tozdan-torpaqdan heç olmasa nəfəs ala biləcəyik. Bir sözlə ilin bütün fəsillərində uzunluğu cəmi 7 kilometr olan yol sözün əsil mənasında bizə cəhənnəm yaşadır. Payız-qış aylarında uşaqlarımız səhər məktəbə getmək üçün evdən çıxanda üst-başları tər-təmiz olsa da evə dönəndə ayaqları suyun içində, paltarları isə palçıq və çirkab içində olur. İndi də qızmar yay aylarının gəlişi ürəyimizə qorxu salıb. Yola baxıb qorxu təri tökürük.
Sürücülər isə yolun bərbad vəziyyətdə olmasından daha çox narazıdırlar. Onlar deyir ki, adı çəkilən yolun bərbad vəziyyətdə olması həm vaxt itkisinə, həm artıq yanacaq sərf olunmasına, həm də avtomobilimizin ehtiyat hissələrinin tez-tez sıradan çıxmasına səbəb olur.
Məsələyə münasibət bildirən Qazıqumlaq kənd bələdiyyəsinin sədri Fuad Qədirov yanarmış problemdən xəbərdar olduqlarını bildirdi.
Yaxın vaxtlarda adı çəkilən yola asfalt örtüyünün vurulması təmin ediləcək deyə bələdiyyə sədri qeyd edib.
Zahid Abışov, Devran Əsgərov