Bu obyektlərin icarəyə verilməsi üçün müsabiqə elan edildi
Anar Mehtiyev İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşı
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti kiçik sahibkarlığın inkişafına dəstək məqsədilə ölkə ərazisində, xüsusilə bölgələrdə yerləşən qeyri-yaşayış sahələrini (obyektləri) münasib şərtlərlə icarəyə verilməsi üçün müsabiqə elan etmişdir. Bundan öncəki müsabiqəyə Hacıqabul rayonunda yerləşən 8 obyekt çıxarılmışdır. Budəfəki müsabiqəyə çıxarılan 8 obyekt isə Şamaxı, Oğuz, Neftçala və Saatlı rayonlarında yerləşir.
Təklif olunan qeyri-yaşayış sahələrinin aylıq start icarə qiyməti 14,1 manatla 43 manat arasında dəyişir. Müsabiqədə daşınmaz dövlət əmlakını icarəyə götürmək istəyən yerli, xarici fiziki və hüquqi şəxslər iştirak edə bilərlər. Müsabiqəyə yekun vurularkən müəyyən edilmiş şərtlər daxilində maksimum həcmdə icarə haqqı təklif etmiş sifarişçiyə üstünlük veriləcəkdir. Sifarişçilər müsabiqədə iştirak etmək üçün 6 iyun 2023-cü il tarixinədək müraciət edə bilərlər. Müsabiqəyə çıxarılan obyektlər barəsində daha geniş məlumatı Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi internet saytından ala bilərlər.
İcarə üçün təklif olunan obyektlər biznesə başlayanlar, kiçik sahibkarlar üçün olduqca əlverişlidir. Bu kateqoriyadan olan biznes sahibləri əldə edəcəkləri qeyri-yaşayış sahələrində müxtəlif ticarət təyinatlı işləri (ərzaq, meyvə-tərəvəz, gündəlik tələbat malları, elektrik cihazları və avadanlıqları, ehtiyat hissələri, geyim və s.) həyata keçirə bilərlər. Həmçinin, obyektlər xidmət (ofis, bərbərxana, gözəllik salonu, məişət əşyaların təmiri, dərzi və s.) və istehsal sahələri üçün də uyğundur.
Məlumat üçün bildiririk ki, dövlətin müəssisələrinin balansında olan qeyri-yaşayış sahələrinin müsabiqə vasitəsilə icarəyə verilməsi digər şəhər və rayonlarda da davam etdiriləcək. Bu barədə məlumat Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında (emlak.gov.az) əvvəlcədən yerləşdiriləcək.