Bu qanuna dəyişikliklə 110 min ailə daha çox müavinət ala biləcək
Prezidentin 13 yanvar 2023-cü il tarixli fərmanı ilə beşdən çox uşağı olan qadınlara sosial müavinətin aylıq məbləği hər uşaq üçün 105 manat müəyyən edilib. Bu o deməkdir ki, hazırda ailədə 18 yaşına çatmamış 6 uşaq varsa, həmin ailəyə aylıq 630 manat müavinət ödənilir. İndi isə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında Azərbaycanda çoxuşaqlı anlayışının 5 uşaqdan 3 uşağa endirilməsi təklif olunub. "Əmək pensiyaları haqqında" qanunda 8-ci və "Sosial müavinətlər haqqında" qanunda 4-cü maddələrinə yenidən baxılması vacib sayılıb. Bəs görəsən sayın endirilməsi ilə yanaşı nə kimi imtiyazlar mövcud ola bilər? Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin fikrincə, məsələ gündəlikdə olmasa da, aidiyyəti orqanlarla çoxuşaqlı ailə modelinə yenidən baxılması məsələsi müzakirə olunub. Qeyd edək ki, Azərbaycanda 6 və daha çox uşağı olan 16200 ailə var. Onlardan 7200-i şəhərlərdə, 9000-i isə kəndlərdə yaşayır.
AYTƏN SAKİTQIZI APA TV