Bəli, uzun illərdir hərəkətsiz qalan bu qatarların Zəngəzur dəhlizi ilə yenidən o yolu gedəcəyinə bir zamanlar orada çalışmış insanlar da inanır. Hazırda Naxçıvan Dəmir Yollarında "maşinist" kimi çalışan Ramazan Məmmədov deyir ki, 90-cı illərin əvvəlində ermənilər qatarların hərəkətini dayandırmaq üçün hər yola əl atıblar. Böyük yol ustası Qəşəm Kərimov, o zaman baş verən hadisələri böyük təxribat adlandırır. Həmin dövrün hadisələrini fotoşəkillər kimi saxlayan müsahibimiz deyir ki, ermənilər hər qatar gələndə onu saxlayıb, axtarış aparıb, hətta insanları girov götürüblər. Bəs Zəngəzur dəhlizi açılana kimi Naxçıvan Dəmir Yolları MMC hansı işləri görür və qatarların vəziyyəti nə haldadır? Yük və sərnişin daşıma idarəsinin rəisi Mübariz Allahverdiyev deyir ki, idarədə olan bütün teplovozlar təmir olunur və dəhliz açılana kimi tam hazır vəziyyətdə olacaq. Zəngəzur dəhlizinin açılması Naxçıvanın inkişafı üçün yüksək əhəmiyyətə malik olmaqla yanaşı, həm də Azərbaycan vətəndaşlarının quru yolla gediş-gəliş problemini aradan qaldıracaq. Ceyhun Məmmədov, Əli Xudiyev, APA TV