Bu qəsəbədə qazın görüntüsü var, istisi yox
Lənkəranın Balıqçılar qəsəbəsində qazın ancaq görüntüsü var, istisi yoxdur. Bunu biz yox, sakinlər deyir. Balıqçılar qəsəbəsi adından da göründüyü kimi dənizə yaxın ərazidə yerləşir.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Qış ayları xüsusilə soyuq keçən qəsəbədə qaz təzyiqinin pik saatlarda aşağı olması mövsümi çətinlikləri daha da artırır. 500 abonentin hansı problemlərlə qarşıladıqlarını özlərindən eşidin:
- Soyuqdur, dəniz qırağıdır, möhkəm külək əsir. Bizdə külək çox olur, şaxta möhkəm olur. Qaz bizə səhər saat 5-dən verilir səhər saat 8-ə kimi, yavaş-yavaş təzyiq azalır, qaz gəlir. Yəni elə gəlir ki, bu təzyiqlə demək olar ki, heç çaydanı qaynatmaq olmur. Qaz idarəsinin müdiri deyir ki, kimə istəyirsiz, gedin, şikayət edin.
- Qaz xətti var, amma qaz yoxdur. Səhər dururuq, qaz yoxdur. Gün çıxır, qazı görürük. Necə ki, gün batdı, qaz da batdı bizdə. Ölürük soyuqdan. Xəstəmiz var, məktəblimiz var. Buna bir çarə qılmaq lazımdır, ya yox? Nə vaxta qədər belə olacaq? Bu il qışı 20 metr odun yandırmışıq. Mən həm almışam, həm də həyətimin ağaclarını qırmışam.
- Biz demək olar ki, 2-3 ildir, qazdan çox əziyyət çəkirik. Axşam saatlarında, hava qaralanda demək olar ki, qaz gəlmir. Qaz gəlir, tam qaz verilir, tam qaz veriləndə o şam kimi yanır. Burada da bizim ziyanımıza gedir, hava gedir orada. Məcburiyyət qarşısında biz onu yandırırıq. Sabah da qəbzi yazanda görürsən ki, bu qədər problem çıxır. Deyir - "Bu problem bizlik deyil." Əgər biz bunun pulunu ödəyiriksə, bizə normal qaz versinlər. Hamamda "pitminutka"lar yanır, işlədirik. Onlardan istifadə eləmək olmur.
Sakinlər deyir ki, vəziyyət o həddə gəlib ki, məcbur olub sayğacın üzərindəki tənzimləyiciyə müdaxilə edirlər. Təzyiqin aşağı düşməsi tənzimləyicinin qaz verilişini avtomatik dayandırması ilə nəticələnir. Qazın verilişini bərpa etmək üçün hər dəfə sayğacdakı düyməni basmaqdansa, sakinlər həmin tənzimləyicinin düyməsini kustar üsulla basılı saxlayırlar:
- Gecə saat 12-dən sonra qazın təzyiqi artır, yatandan sonra bu bizə lazım deyil. Hər bir qaz sayğacına baxa bilərsiniz. Orada özümüz müdaxilə etmişik, çöp qoymuşuq ki, qaz birdən sönməsin. Çöpsüz ümumiyyətlə qaz gəlmir.Müraciət edirik, bizim dərdimizə baxan yoxdur.
- Evdə xəstəmiz var, özüm xəstəyəm. 12-dən sonra mən uşağı necə yuyundurum, soyuq evdə saxlayım ki, uşaq getsin məktəbə, ya bağçaya? Mənə 12-dən sonra qaz lazım deyil. Gəlsinlər, söksünlər, atsınlar yerə. Biz daha kimə müraciət edək? Qaz idarəsinə zəng edirəm, deyir ki, gözlə, gələcək, gözlə, gələcək. Gözləyirəm, saat 10, qaz yoxdur, 11, yoxdur, 12-də qaz gəlir.
Şikayətləri hər dəfə nəticəsiz qalan sakinlərin üz tutduğu quruma - Lənkəran Regional Qaz İstismarı İdarəsinə bu dəfə biz müraciət etdik. İdarədən bizə bildirdilər ki, qəsəbə sakinləri tərəfindən qazdan istifadə zamanı pik saatlarda təzyiqin aşağı olması ilə əlaqədar idarəyə şikayət daxil olub. Gün ərzində problem həllini tapıb. Biz də qəsəbə sakinləri ilə yenidən əlaqə saxladıq, onlar problemin həll olunduğunu təsdiq etdilər.
Tural Kərimov
Rövşən Əzimov
APA TV. Lənkəran