Bu qəsəbədə yağış yağanda hamının qanı qaralır

Bura Maştağa qəsəbəsidir. Hava isti, yollar quru olsa da, bu məhəlləyə gəlməkdən ötrü keçdiyimiz çala-çuxur yollarda az qala batıb qalacaqdıq. İndi gör hər gün bu yolla hərəkət edənlər, işə, məktəbə gedənlər nə çəkir?! Məktəb demişkən, elə bu balacaların ən böyük dərdi də yağış yağanda meydana çıxır.

 

Əziz balaca, elə sizi bu şəraitdə yaşamağa vadar edənlər də belə düşünür güman ki... Yoxsa niyə illərlə davam edən bu problemə çarə tapılmasın?

 

Məsələ ilə bağlı əvvəlcə Sabunçu rayon İcra Hakimiyyətinin İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurovla əlaqə saxladıq. Bildirdi ki, bu onların problemi deyil. Cavabdehliyi birbaşa Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, yəni AAYDA daşıyır: “Yolların təmiri tikintisi AAYDA-ya aiddir. Bu bizim balansımızda deyil. Biz dəfələrlə  müraciət etmişik, təmirə ehtiyacı olan yollarla bağlı. AAYDA özü də bilir ki, təmir onlara məxsusdur”.

 

AAYDA-nın mətbuat katibi Anar Nəcəfli isə bildirdi ki, yerli icra strukturları aidiyyəti üzrə müraciət etməlidir ki, yolun təmiri reallaşsın: “Bu cür küçə və yollar yerli icra strukturlarının balansındadır. Agentlik olaraq biz yalnız investisiya proqramları çərçivəsində nəzərdə tutulmuş  küçə və yollarda təmir işləri  icra edirik və yerli icra strukturları öz balansında olan küçə və yolların təmiriylə bağlı agentliyimizə deyil, aidiyyəti üzrə müraciət etmələri tövsiyə olunur ki, həmin küçə və yolların təmiri investisiya programına salınsın və təbii ki, icrası tərəfimizdən təmin olunsun”.

 

Yəqin burda deyiblər ki, “qəzamız mübarək”. Nəticə etibarı ilə ortada əziyyət çəkən vətəndaşlardır. Hələ hər gün qaz boruları üzərindən keçərək məktəbə gedən uşaqların aqibətini  demirəm. Yayın gəlişini səbirsizliklə gözləyirlər. Yox, problemin həll ediləcəyi üçün deyil, sadəcə bataqlığa çevrilən yolların quruması üçün.

Digər ən böyük problem isə internetsizlikdir. Yer planetinin hər tərəfini bürüyən internet dalğalarının Maştağaya dəxili yoxdur.

 

Məsələ ilə bağlı “Baktelecom”la əlaqə saxladıq. Qurumun nümayəndəsi Nuranə Əliyeva vəd etdi ki, qısa zamanda problem həllini tapacaq: “Hazırda tərəfimizdən qəsəbədə Gpon texnologiyası əsasında optik xətlərin çəkilməsi və geniş zolaqlı şəbəkənin qurulması üzrə işlər aparılır. Eyni zamanda, layihə çərçivəsində istismar müddəti bitmiş xətlərin keyfiyyətli fiber optik xətlərlə əvəzlənməsi işləri də nəzərdə tutulub. Xanlar küçəsi optik layihənin əhatə dairəsinə daxil edilib. İlin sonunadək həmin küçədə rabitə infrastrukturu tam inşa edildikdən sonra yəni, 2023-cü ildən başlayaraq sakinlərin müasir, surətli internet xidmətlərilə təminatı həyata keçiriləcək”.

 

Bütün aidiyyəti qurumlar vəd verdilər. İndi Maştağa sakinləri gözləri yolda, qulaqları səsdə həmin günün gəlişini gözləyirlər. Vədlərin yerinə yetirildiyi günün.

 

AYTƏN SAKİTQIZI

XƏYAL İSKƏNDƏROV

APA TV

Müəllif | Apa.Tv
Apa.tv