Bu rayonda qonaq da darıxır, ev sahibi də
Ucar sakinləri asudə vaxtlarını keçirməyə məkan tapmırlar. Rayon ərazisində əyləncə mərkəzləri, klublar, geniş parklar və sair kimi məkanlar olmadığı üçün sakinlər ailə üzvləri ilə bərabər asudə vaxtlarını səmərəli keçirmək məqsədi ilə qonşu rayonlara üz tuturlar. Camaat deyir ki, rayonda bütün yaş təbəqələrinə aid insanlar asudə vaxtlarını çay evlərində domino və ya nərd oynamaqla keçirirlər. Bu deyilənlərdən sonra üz tutduq çayxanalara. Burada vaxt keçirənlərlə həmsöhbət olmağa çalışdıq. Vətəndaşlar deyir ki, yaxşı əyləncə məkanına gedə bilmək üçün gərəkdir ki, yaxşı da işin ola: “Ucarda isə nə iş yerləri var, nə də əyləncə məkanları. Odur ki, getməyə çayxanadan başqa bir yer də tapmırıq.” Məsələ ilə bağlı rayon icra hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, bununla bağlı yalnız Ucar RİH başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Abdulla İbrahimov bizim suallarımızı cavablandıra bilər. Abdulla İbrahimov isə bildirdi ki, rayona hər hansı sahibkarın cəlb olunması onların səlahiyyətlərinə aid məsələ deyil. Abdulla İbrahimov həmçinin qeyd etdi ki, sahibkarlar özləri de bu işdə maraqlı olmalıdırlar. Amma əgər hər hansı bir sahibkar rayonda bu istiqamətdə işlər görmək istəyərsə rəhbərlik səviyyəsində həmin sahibkara lazımı şərait yaradıla bilər.
Zahid Abışov, Devran Əsgərov, APA TV