“Bu region iqtisadi böhranlardan, qeyri-stabillikdən, toqquşmalardan əziyyət çəkir”
Qlobal ictimaiyyət Yaxın Şərqdəki böhranlara da xüsusi diqqət verməlidir. Bunu X Qlobal Bakı Forumu çəçivəsində keçirilən "Yaxın Şərq və ətrafında sülh, stabillik və inkişaf axtarışında" mövzusundakı panel müzakirəsində Tədqiqat və İslam Araşdırmaları üzrə Kral Faysal Mərkəzinin idarə heyətinin direktoru Şahzadə əlahəzrət Turki əl-Faysal əl-Səud deyib. O qeyd edib ki, bu gün dünya Ukraynadakı vəziyyətə fokuslanıb, çünki böhran indi baş verir, ancaq Yaxın Şərqdə böhranlar uzun müddətdir davam edir.
Panel müzakirəsində çıxış edən Ərəb Liqasının keçmiş sədri, Misirin sabiq xarici işlər naziri Əmir Musa deyib ki, regiondakı bütün münaqişələrin bitməsi onların da marağındadır. O çıxışında Fələstin məsələsinə də toxunub:
"İordan çayının qərb sahili, Qəzza və Yerusəlimin işğalı bu məsələnin həllinə imkan vermir. İsrail müstəqil dövlət kimi tanınmalı olduğu kimi İordan çayının qərb sahilinin, Qəzzanın hərbi işğalına son qoyulmalıdır. Biz müharibə barədə danışmırıq, biz sülhə necə nail olmaq barədə danışırıq".
Əmir Musa vurğulayıb ki, sülh, tərəflərin bir- birinin hüquqlarını tanımasına əsaslanır.
Paneldə çıxış edən İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Əkmələddin İhsanoğlu bildirib ki, Yaxın Şərq xalqları eyni dəyərləri bölüşdüyü kimi, həm də çətinlikləri, problemləri, pessimizmi bölüşür. Bu region iqtisadi böhranlardan, qeyri stabillikdən, toqquşmalardan əziyyət çəkir. Onun sözlərinə görə, bu regionda yaşayan xalqlar hazırkı böhrandan çıxmaq yolları barədə düşünməsə, bunun üçün birlikdə çalışmasa, nəticə də olmayacaq. “Regiondakı qonşuların sülh içində yaşaması o demək deyil ki, bu qonşu ölkələr bir birini sevir, bu o deməkdir ki onlar sadəcə bir-birinə tolerantlıq göstərə, sülh içində birgə yaşaya bilir" – deyə Əkmələddin İhsanoğlu qeyd edib.