Bu virusdan qorunmağın tək yolu var, o da... – Həkim açıqladı

Yüksək hərarət, boğaz ağrısı, burun axması, gözlərin qızarması, ümumi halsızlıq və ən əsası bədən səpkiləri... Bu simptomlar varsa, deməli qızılcaya yoluxmusunuz və dərhal həkimə müraciət etmək lazımdır. Qızılca bir virusdur. Bu xəstəlik insanlara hər nə qədər bəlli olsa da, qızılcanın sürətlə yayıldığı bir dönəmdə bəziləri müalicəni həkim nəzarəti olmadan, ev şəraitində etməyə çalışırlar. Halbuki, qızılca ağır xəstəlikdir və vaxtında müalicə olunmasa, ciddi fəsadlara yol açar. Müalicə zamanı sanitar-gigiyenik qaydalara əməl edilməli, otağın havası tez-tez dəyişdirilməli, xəstəyə yaxşı qulluq edilməli, çox yağlı qidalardan uzaqlaşmalı, kifayət qədər maye qəbul edilməlidir. İmmun sisteminə diqqət yetirilməlidir ki, bədənin müqaviməti möhkəm olsun. Xəstə bütün qızdırmalı dövrdə və temperatur düşəndən sonrakı 2-3 gün müddətində yataq rejimində olmalıdır. Amma bütün qızılcaya yoluxmuşlar xəstəxanaya yerləşdirilə bilməz, vəziyyəti ağırlaşan pasientlər isə həkim qərarıyla xəstəxanaya göndərilməldir. Evdə müalicə alan xəstələr də sahə həkiminin nəzarətində olmalı, onun tapşırığı ilə simptomatik müalicələri aparılmalıdır. Bakterial ağırlaşma varsa, antibiotikdən istifadə etmək olar. Digər hallarda isə antibiotik qəbulu yolverilməzdir. O ki qaldı qızılcaya yoluxmadan qorunmağa? Qızılca xəstəliyi hava-damcı yolu ilə insandan insana keçən yoluxucu xəstəlikdir. Lakin qızılcaya bir dəfə yoluxan insanda ömürlük immunitet yaranır. Qızılcadan qorunmağın yeganə yolu peyvənd olunmaqdır. Əgər kimsə peyvənd olunub-olunmadığını yaxud qızılca keçirib-keçirmədiyini xatırlamırsa, belə olan halda qanda immuqlobin Ci səviyyəsinə baxmaq lazımdır. AYNUR QARA VÜSAL BAYRAMOV APA TV

Müəllif | Apa.Tv
Apa.tv